Qərbi Azərbaycan Xronikası: Cəlaloğluya niyə erməni bolşevikin adı qoyulub? –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun
müəllifliyi ilə ermənilərin izitirmə siyasətinin hədəfinə çevrilən və tarixi
danılması mümkün olmayan məkanlardan biri Cəlaloğlu rayonu haqqında süjet
hazırlanıb.
Cixisyolu.com xəbər verir ki, “Qızılbaşlar tayfasının mənsub olduğu rayon” adlı
süjetdə ermənilərin Qafqaza ayaq basmasından sonra region xalqlarına aid tarixi
gerçəklikləri daim total şəkildə təhrif etməsindən, bu çirkin əməlin indiki
Ermənistan adlandırılan dövlətdə ənənəyə çevrilməsindən bəhs olunur.
Bildirilir ki, Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində
yerləşən Cəlaloğlu rayonu indiki Ermənistanda inzibati rayon, rayon mərkəzi və
şəhər tipli qəsəbə olub. 1801-cı ildə Gürcüstanın Rusiyanın tərkibinə daxil
olması ilə əlaqədar rayonun ərazisi Tiflis quberniyasının tərkibində Rusiyanın
tabeliyinə keçib. Toponim qızılbaşların “çəpni” türk tayfasından olan Əmir
Məhəmməd bəy Cəlaloğlunun adı əsasında yaranıb.
Qeyd olunur ki, Rusiyanın İrəvan xanlığını 1828-ci ildə işğal etməsindən sonra
ermənilər kütləvi şəkildə buraya köçürülüb və əhalinin tərkibi dəyişdirilməyə
başlayıb:
“Cəlaloğlu rayonu indiki Ermənistanda 1920-ci il noyabrın 29-da sovet
hakimiyyəti qurulduqdan sonra Loru-Pəmbək qəzasının tərkibində Ermənistanın
tabeçiliyinə keçib. Bu ərazidə sovet dövründən başlayaraq oğuz türklərinə aid
olan bütün toponim və hidronimlərin erməniləşdirilməsi əməliyyatına başlanılıb.
Cəlaloğlu adı da dəyişdirilərək erməni bolşevik Stepan Şaumyanın şərəfinə
Stepanavan adlandırılıb.
Diqqətə çatdırılır ki, rayonda mövcud olan 60 yaşayış məntəqəsinin
əksəriyyətində azərbaycanlılar məskunlaşıblar və 1988-ci ildə Gərgər,
Nikolayevka, Çubuqlu, Qaraməmməd, Kələkürək və digər yaşayış məntəqələrini
məcbur tərk ediblər. 1995-ci ildə ləğv edilən Stepanavan rayonunun ərazisi yeni
təşkil edilən Loru mərzinə qatılıb və rayon üzrə 12-dən çox yer adları
dəyişdirilib.
Sonda vurğulanır ki, oğuz-türk məkanlarının ermənilərin izitirmə siyasətinin
hədəfinə çevrilməsi heç kim üçün sirr deyil:
“Təbii ki, qədim türk yurdlarını dünyaya öz ərazisi kimi sırıyan ermənilərin
toponimlərimizi terror hədəfi seçməsinin qarşısını almağın vaxtı çoxdan çatıb.
Əminik ki, Qərbi azərbaycanlılar doğulub yaşadıqları məkana yenidən qayıtmaqla
tarixi torpaqlarımızı erməni əsarətindən xilas edəcəklər”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: