Qərbi Azərbaycan Xronikası: Cildən gətirilən “qara daş”ın möcüzəsi – VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalının, Çəmbərək (Krasnoselsk)
rayonunun Cil kəndi haqqında xüsusi buraxılış hazırlanıb.
Verilişdə Cil kəndinin etnoqrafiyası, xalçaçılığı, atət-ənənələri, mətbəxi,
toyları, aşıq sənəti, bayram ənənələri və digər sahələrindən geniş söhbət
açılıb.
Bildirilib ki, Cil İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki
Çəmbərək (Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 28 kilometr
cənub-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Adı Qafqazın 5 verstlik
xəritəsində qeyd edilib.
Vurğulanıb ki, bu kənd Göyçə mahalında Çəmbərək rayonu yaradılana qədər, yəni
1937-ci il dekabrın 31-dək Basarkeçər (Vardenis) rayonunun tərkibində olub.
Tarixi mənbələrdə kəndin XII əsrdə salındığı göstərilir. “Cil” toponimi
Azərbaycan dilində “torpağın üstünü basan süpürgəvari ot” mənasında işlənən cil
sözü əsasında əmələ gəlib. Bu söz Qazax dialektində “otun bir növü”, Naxçıvan
dialektində “ağacın kökü” mənasında işlənir. Ümumiyyətlə, cil otu bataqlıqlarda
bitir və onun kökündə aşı maddəsi olur.
Süjetdə 1988-ci ildə Ermənistan rəhbərliyindən “Göyçə Mahalına Muxtariyyət”
tələbi ilə Cildə və ətraf kəndlərdə keçirilən etiraz aksiyalarından söz açılır,
bu kənddən gətirilən “qara daş”ın möcüzəsinə aydınlıq gətirilir. Qeyd olunur
ki, bu daşa əl vuran adam 3 gündən sonra ölür və ona toxunanda qan axır, göz
yaşı tökülür.
Həmçinin gümbəzi dağıdan erməni ailəsi niyə məhv oldu, “qara daşa” insanlar
niyə sitayiş ediblər, ilin hansı günü heç kim çimmirdi, günortadan sonra meyiti
niyə dəfn etmək olmazdı, gəlini günortadan sonra gətirəndə ailədə niyə faciə
olurdu və s. suallara cavab tapılır.
Sonda Göyçə aşıq məktəbinin görkəmli nümayəndəsi mərhum Aşıq Müseyibin
yaradıcılığına toxunulur, onun ifasında saz havası səsləndirilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.
Veriliş sentyabrın 30-da saat 19:30-da “Baku TV”nin efirində və yutub
kanalında yayımlanıb.