8d9341e1-f851-4706-9897-0469441f1fb2..jpg

Qərbi Azərbaycan Xronikası: “Əmimi ermənilər hamamda boğub öldürüblər” – VİDEO

Baxış sayı: 688 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası: “Əmimi ermənilər hamamda boğub öldürüblər” – VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər
İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı
efirə gedib.

“Gedib hətta itim ölən yeri ziyarət etmək istəyirəm” adlı veriliş Qərbi
Azərbaycanın, Vedibasar mahalının, Vedi rayonunun Arazdöyən kənd sakini,
Əməkdar artist Aydın Əliyevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq illərindən, oxuduğu orta məktəbə necə qəbul olunmasından danışıb:

“Mən ilk dəfə Arazdəyəndə 1961-ci ildə məktəbə gəldim. Yeddi yaşım olmamışdı
deyə, məni məktəbə götürmək istəmirdilər. Bizə ikinci, üçüncü sinifdən sonra
erməni dili və rus dili dərsi keçirdilər. Kəndimizdə 3-4 millət var idi.
Ermənilər və azərbaycanlı uşaqlar, müsəlman uşaqlar həmişə bir yerdə
yığışardıq, top oynayardıq. Sonra nərd oynayar, qarmon, nağara çalardılar.
Musiqi günlərimiz də olurdu. Məktəbin yanında şumluq var idi, orada at
çapardıq, at, güləş, voleybol, futbol yarışları keçirərdik. Həmişə Cermux,
Vedinin Çimən zonasından Böyük Çimən dağına qalxardıq. Çox gözəl yaylaqlarımız
var idi. Araza qarışan suda balıq tutardıq, quzu otarardıq”.

Kəndi tez-tez yuxuda gördüyünü, erməni daşnakların məkrli hərəkətlərindən söz
açıb:

“Ermənilər gəlib açıqca deyirdilər ki, buradan köçün gedin. Elə oldu ki, mən o
vaxtlar texnikumu qurtarandan sonra İrəvan teatrında işlədim, 1981-ci ildə
İncəsənət İnstitutunu qurtardım. 1985-ci ildə təzədən kəndimizə qayıtdım və
təzədən İrəvan Teatrına getdim. Bizi çox sıxışdırırdılar. 1988-ci ilin sonu
1989-cu ilin əvvəlləri o teatrı tamamilə yandırdılar”.

Onun sözlərinə görə, atasıgilin oradan çox çətin vəziyyətdə qaçıb:

“Oradakı ermənilər öz ermənilərinə deyirdilər ki, evləri almayın, onsuzda
azərbaycanlılar gedəcəklər, pullarını verməyin. Həttə onlar postdan keçəndə
nələri var idi əllərindən almışdılar. Son günlər evlərə gecə hücum edirdilər,
evləri talayırdılar. Hazırlanmış dəstələr var idi, bir-bir kəndlərə gəlirdilər,
camaatı o vəziyyətə salırdılar ki, camaat çıxsın getsin. Çoxu Sədərəyə
qaçmışdı. Erməni vəhşiliyini çox gördük. Pənah əmini ermənilər zəhərlədilər
öldürdülər, əmim Bəhlul kişini İrəvanda hamamda boğub öldürdülər, xalamın əri
Məhəmmədəli kişini öldürdülər. Ermənilər bizimkiləri şərləyib tutdururdular”.

Əməkdar artist gec-tez doğulduğu ata-baba yurduna qayıdacağına əmin olduğunu
vurğulayıb:

“Bu vəziyyəti bizə dövlətimizin başçısı yaratdı. Biz ona qədər, son illərə
qədər, o 44 günlük müharibəyə qədər heç fikirləşmirdik. Biz öz
yurdumuza-yuvamıza qayıdacağıq. O yerlər mənim üçün çox əzizdir. Orada
qohumlarımın, əqrabalarımın qəbirləri var. İnşallah, arzumuza çatacağıq. Vətən
bizimdir bizim də olacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:


Source link