b528260c-0756-4fb9-b799-33853091e083..jpg

Qərbi Azərbaycan Xronikası: “Erməni dilində bizim lehimizə olan ciddi qaynaqlar var” – VİDEO

Baxış sayı: 613 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası: “Erməni dilində bizim lehimizə olan ciddi
qaynaqlar var” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə
gedib.

Jurnalist Rufik İsmayılovun müsahibi Türkiyənin Ərciyəs Universitetinin
professoru, ermənişünas alim Qafar Çaxmaqlı olub. O, Türkiyə cəmiyyətində, o
cümlədən elmi çevrələrdə Ermənistan və ermənilərlə bağlı yanaşmadan söhbət
açıb. Bildirib ki, son dövrlərə qədər Türkiyədə erməni məsələsinə münasibət o
qədər də ciddi olmayıb. Alimin sözlərinə görə, 1980-ci illərdən etibarən ASALA
erməni terror təşkilatının həyata keçirdiyi silsilə terror aktlarından sonra
qardaş ölkədə bu məsələyə xüsusi diqqət yetirilib. Bundan sonra türkiyəli
alimlər erməni məsələsi, onların ideologiyası, terrorçu mahiyyətləri barədə
tədqiqatlar, əsərlər ortaya qoyublar. Bu məsələdə azərbaycanlı alimlərin
türkiyəli həmkarlarına böyük dəstəyi olub.

Q.Çaxmaqlı Ərciyəs Universitetindəki ermənişünaslıq bölümünün fəaliyyətindən
də danışıb. Deyib ki, burada erməni dilini bilən mütəxəssislər hazırlanır,
ermənilərə dair araşdırmalar aparılır. Türkiyədə gənclərin ermənişünaslıq
bölümünə marağının ildən-ilə artdığını diqqətə çatdıran müsahib vurğulayıb ki,
hər il iyirmiyə yaxın məzun olur və onlar müxtəlif qurumlarda, o cümlədən
dövlət idarələrində müvafiq vəzifələrdə çalışırlar. Alim erməni dilində bizim
lehimizə olan çox ciddi qaynaqların varlığından söhbət açıb. Alim deyib ki,
erməni düşüncə sistemi və ideologiyası terror üzərində qurulub. Onun sözlərinə
görə, ermənilərin nə düşündüyünü öyrənmək üçün bu xalqın dilini bilmək
zəruridir.

Professor Q.Çaxmaqlı Ermənistanın işğalçılıq, deportasiya siyasətinə toxunaraq
bildirib ki, bu siyasət indiki erməni dövlətinə və xalqına nə isə
qazandırmayıb. Əksinə, azərbaycanlıların öz ata-baba yurdlarından deportasiyası
Ermənistan iqtisadiyyatına ciddi zərbə vurub. Alim erməni yazarlarının
etiraflarına istinad edərək deyib ki, Ermənistanın monoetnik dövlətə çevrilməsi
erməni xalqının faciəsidir.

Doğulduğu Amasiya rayonunun Çaxmaqlı kəndi barədə məlumat verən Q.Çaxmaqlı
söyləyib ki, dünyaya göz açdığı kənd onun üçün ən müqəddəs və unudulmaz
məkandır. O, burada yaşadığı illərdə ermənilərin soydaşlarımıza münasibətdə
ayrı-seçkiliyini, təzyiq və təhdidlərini, nüfuzlu azərbaycanlıları sui-qəsdlərə
məruz qoymalarını konkret faktlarla dilə gətirib. Bildirib ki, nənəsinin
qardaşlarını ermənilər Qazaxıstana sürgün ediblər və öz doğma kəndlərinə
qayıtmağı onlara yasaq ediblər.

1988-ci ildə Amasiya rayonunun Çaxmaq kəndinin, eləcə də digər yaşayış
məntəqələrinin erməni mühasirəsində olduğunu diqqətə çatdıran alim deyib ki,
əgər 7 dekabr tarixində Hamamlı rayonunda – indiki Spitakda güclü zəlzələ baş
verməsəydi, mühasirədə qalan azərbaycanlıların sağ-salamat Azərbaycana köçüb
gəlməsi qeyri-mümkün olacaqdı. Professor Q.Çaxmaqlı sonda vurğulayıb ki, tarixi
Azərbaycan torpaqlarına qayıtmaq hər bir soydaşımızın haqqıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:


Source link