Qərbi Azərbaycan Xronikası: Erməni generalını Göyçədə öldürdülər – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti
buraxılışı hazırlanıb.
Cixisyolu.com xəbər verir ki, “Məşədi İsa Göyçə əhalisini belə qorudu” adlı
buraxılışda Göyçə mahalının, Basarkeçər rayonunun Qaraiman kəndinin tarixi,
adət-ənənələri, irsi, mətbəxi, xalq yaradıcılığı və toponimləri araşdırılıb.
Qeyd olunub ki, kəndin yaranma tarixi XIV əsrin axırları (1387-1388) XV əsrin
əvvəlinə (1410) təsadüf edir. Qaraiman kəndinin əsası Qazaxdan Göyçə mahalına
gələn dörd qardaşlardan biri olan Qara İman tərəfindən salınıb. Qaraiman
kəndinin adı yarandığı ilk gündən yəni XIII əsrin başlanğıcından (1210) 1988-ci
ilin dekabrına qədər üç dəfə dəyişdirilib.
Diqqətə çatdırılıb ki, kəndin adı sovet dövründə Sovetkənd şəklində
dəyişdirilib. Bu adın qoyulmasının səbəbi sovet hakimiyyətinin apardığı
sovetləşdirmə, habelə antitürk siyasəti idi. 1991-ci ildə kəndin adı yenidən
dəyişdirilərək Kaxakn qoyulub.
Süjetdə Qaraiman kəndinin qəhrəmanlıq tarixindən söz açılıb, erməni
generalının özbaşınalığına necə son qoyulmasına və öldürülməsinə, xalq
qəhrəmanı Məşədi İsanın Göyçə əhalisini necə qorumasından, erməni generalını
məhv etməsindən, bu kənddə böyük Oğuz qəbirlərinin tarixinə aydınlıq gətirilib.
Həmçinin Qaraiman kəndində Oğuz məzarlığını və Qıpçaq kilsəsini ermənilərin
necə dağıtmasından, keçmiş deputatın Göyçə tələbi ilə Moskvaya getməsindən,
rəsmi Moskvadan Göyçə tələbinə verilən qəribə cavabdan, eləcə də kənd
sakinlərin xəngəl və əriştəni necə hazırlamasından bəhs olunub.
Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və
kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği
kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və
söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: