b773d2b4-2eb5-42ff-827a-813c0f13411d..jpg

Qərbi Azərbaycan Xronikası: “Ermənilər çörəyimizi yedilər, suyumuzu içdilər və bizə naxələf çıxdılar” – VİDEO

Baxış sayı: 555 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası: “Ermənilər çörəyimizi yedilər, suyumuzu içdilər və
bizə naxələf çıxdılar” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist
Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti
buraxılışı efirə gedib.

Cixisyolu.com xəbər verir ki, “Ağbulaqda ermənilərin izi-tozu belə heç vaxt olmayıb”
adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kənd
sakini Təvəkkül Nəsirovun həyat hekayəsinə həsr olunub.

O, doğulub boya-başa çatdığı kəndin həyatından, uşaqlıq və məktəb illərindən,
məhəllə, bulaq və dağlardan danışıb: “1963-cü ildə orta məktəbin 1-ci sinfinə
getdim. Çox gözəl günlərimiz var idi, çox dəyərli günlərimizi yaşayırdıq.
Müəllimlərimiz həqiqətən çox gözəl idi. Ən çox sevdiyim fəsillər üzrə payız
idi. Mart ayı bayram ayı idi. Çərşənbələri çox sevirdik. Gözəl bulaqlarımız və
dağlarımız var idi”.

T.Nəsirov yenidən doğma yurda qayıtmaq istədiyini, kəndin içində alban
qəbiristanlığının olduğunu, Ağbulaqda heç vaxt ermənilərin yaşamadığını deyib:
“Yadımdadır ki, ermənilərə su verəndə o qab əgər köhnə olardısa, atardılar,
təzə idisə, onu 100 dəfə carlayardılar ki, bunu erməni murdarladı. Erməni çox
əzazil olub. Bizim çörəyimizi yedi, suyumuzu içdi sonradan da bizə naxələf
çıxdılar”.

Onun sözlərinə görə, ermənilər 1988-ci ildə azərbaycanlılara çox pis gözlə
baxmağa başlayıblar: “Mağazalarda bizə heç nə satmırdılar. Çəmbərək rayonuna
gedəndə satıcılara tapşırmışdılar ki, onlara heç nə satmayın. Artıq tədricən
bizi sıxırdılar ki, biz öz elimizdən, öz evimizdən çıxaq. 1988-ci il noyabrın
26-sı idi. Xəbər gəldi ki, siz çıxmalısınız. Bu gecə ermənilər sizi qıracaq,
biz sizi saxlaya bilməyəcəyik. Bu sözü eşidəndən sonra istər-istəməz vahimə
düşdü. O vaxt təbii ki, minik maşınları az idi, bizi yük maşınlarına
doldurdular. Biz Ardanış kəndindən keçib Şah dağına qalxdıq və oradan piyada
Gədəbəyin İvanovka kəndinə, oradan Şəmkir rayonunun Günəşli kəndinə və sonra
Bakı şəhərinə gəldik”.

O, ermənilərin 1905, 1918, 1953 və 1988-ci illərdə də insanlara deportasiya və
zülm yaşatdığını bildirib, Vətən, yurd həsrətli şerlər yazdığını və mütləq
doğma Vətənə qayıtmağı istədiyini vurğulayıb: “Mən ora mütləq qayıtmaq
istəyirəm. Qoy nəvələrim də orada yaşasın. Mən öz halal torpağımı, halal evimi,
halal eşiyimi orada qoyub gəlmişəmsə, ora niyə qayıtmayam?! Əminəm ki, biz o
kəndə qayıdacağıq. Qayıdan kimi, ilk növbədə gedib babalarımın, gözəl
insanların qəbrini ziyarət edəcəyəm, bulaqların suyundan içəcəyəm. Allah
Prezidentimizin canını sağ eləsin, Qarabağ alındısa, Göyçə ondan daha asan
alınar. İnşallah biz bunu görəcəyik”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.


Source link