ad6c4479-6c96-4df5-bc06-af1597428e10..jpg

Qərbi Azərbaycan Xronikası: Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar – VİDEO

Baxış sayı: 647 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası: Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb
meyitini ata bağlayıblar – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Fəxriyyə Liliparın təqdimatında “Qardaşının amansızlıqla qətli Mustafa
bəy Topçubaşovun İrəvandan köçməsinə səbəb oldu” adlı süjet hazırlanıb.

Cixisyolu.com xəbər verir ki, verilişdə görkəmli cərrah-alim, ictimai və dövlət
xadimi, akademik Mustafa bəy Topçubaşovun İrəvandan məcburi köçməsindən bəhs
olunur.

Bildirilir ki, Azərbaycan ictimai, elmi, siyasi tarixinin parlaq imzası olan
professor Mustafa bəy Topçubaşov Qərbi Azərbaycanın Göygümbəd kəndində anadan
olub. O, böyük bir şəcərənin layiqli təmsilçisidir və eyni zamanda, Qərbi
Azərbaycanın, İrəvanın qanlı tarixinin bir səhifəsidir. Belə ki, 1918-1920-ci
illərdə erməni daşnakları İrəvanda və onun ətrafında ağlasığmaz fəlakətlər
törədir, silahsız, əliyalın azərbaycanlıları kütləvi şəkildə qırır, kəndləri
yandırırlar.

Qeyd olunur ki, Topçubaşovlar ailəsi də bu faciədən yan keçmir: “Ermənilər
Mustafa bəy Topçubaşovun qardaşı Rza bəyi amansızlıqla qətlə yetirirlər. Bu
azmış kimi Rza bəyin meyitini evlərinə daha dəhşətli şəkildə, yəni ata
bağlayaraq göndərirlər. Bu dözülməz mənzərə Topçubaşov ailəsini məcburi surətdə
öz doğma dədə-baba yurdu olan İrəvanı tərk etməyə məcbur edir”.

Diqqətə çatdırılır ki, akademik Mustafa bəy Topçubaşov qədim İrəvanın
əsilli-köklü nəsillərindən birinin nümayəndəsi idi. 1895-ci il avqustun 17-də
qoynunda dünyaya göz açdığı Göykümbət kəndi elə Topçubaşovların ata-baba
malikanəsidir. Onların İrəvan şəhərində də mülkü olub. Atası Ağabəy, anası
Fatimə xanım, Mustafa və üç qardaşı burada yaşayıblar. Ailənin ikinci oğlu
Mustafa tanınmış Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza
Qədimovun açdığı ibtidai məktəbdə oxuyub.

Sonda vurğulanır ki, M.Topçubaşov Azərbaycanda tibb təhsili və səhiyyənin
təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biridir. O,
Azərbaycan SSR Ali Sovetinin 10 çağırış deputatı olub və 1981-ci il noyabrın
20-də Bakıda dünyasını dəyişib.

Süjetdə şahidlər Topçubaşovlar ailəsinin yaşadığı dramdan, acı taleyindən
faktlarla söhbət açırlar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.


Source link