Qərbi Azərbaycan Xronikası: “Ermənilər məscidə sığınan 400 azərbaycanlını
qətlə yetiriblər” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə
gedib.
Jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Qərbi Azərbaycan İcması İdarə
Heyətinin üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti
Rauf Zeyni olub.
R.Zeyni vaxtilə valideynlərinin didərgin düşdüyü Qərbi Azərbaycanın Qarakilsə
rayonunun Vağudi kəndinin tarixindən, təbiətindən, maddi-mədəni irs
nümunələrindən danışıb.
O, uşaqlığının keçdiyi bu kənddə yaşadıqlarını dilə gətirib, xatirələrini
bölüşüb. MQF prezidenti sadəcə Vağudinin deyil, ümumən Qərbi Azərbaycanın onun
üçün müqəddəs bir məkan, yurd həsrəti, doğma vətən olduğunu vurğulayıb.
Bildirib ki, Qərbi azərbaycanlılar 35 ildir bu həsrətlə yaşayır, xəyallarında o
torpaqlara qayıdırlar. Onun sözlərinə görə, indi yeni reallıq yaranıb və tarixi
torpaqlarımıza qayıtmaq xəyalları gerçəkliyə çevrilmə ərəfəsindədir.
Qərbi Azərbaycanda soydaşlarımıza qarşı ayrı-seçkilikdən söhbət açan R.Zeyni
bildirib ki, ermənilər ali təhsil alıb kəndə qayıdan azərbaycanlı kadrları işlə
təmin etmir, bununla onların ölkəni tərk etməsinə şərait yaradırdılar.
“Gen yaddaşımız bizə deyir ki, qarı düşmən dost olmaz”, – söyləyən MQF
prezidenti ötən əsrin əvvəlində Qarakilsə rayonunda, o cümlədən Ağudidə
törədilən erməni vəhşiliklərindən də danışıb. Bildirib ki, daşnaklar Ağudidə
məscidə sığınan 400 azərbaycanlını amansızlıqla qətlə yetirib, ibadət evi ilə
birlikdə yandırıblar.
R.Zeyni deyib ki, 785 qeyri-hökumət təşkilatını öz ətrafında birləşdirən
MQF-nin fəaliyyətində İrəvana, Zəngəzura, Göyçəyə qayıdış prioritet təşkil
edir. Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində
görülən işlərdən danışan natiq vurğulayıb ki, soydaşlarımızın əsas tələbi
beynəlxalq ictimaiyyətin səsimizə səs verməsi, nəticə etibarilə tarixi ədalətin
tezliklə bərpa olunmasıdır. Onun sözlərinə görə, hazırda milyonlarla Qərbi
azərbaycanlının əsas niyyəti dinc yolla, ləyaqətli şəkildə vətənə qayıtmaqdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: