2baafd23-7386-4254-b77f-c73ea0fca413..jpg

Qərbi Azərbaycan Xronikası: “Ermənilər tarixi yaddaşımızı silmək üçün bizə böyük faciələr yaşadıblar” – VİDEO

Baxış sayı: 501 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası: “Ermənilər tarixi yaddaşımızı silmək üçün bizə
böyük faciələr yaşadıblar” – VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə
gedib.

Cixisyolu.com xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Azəri-Türk
Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı olub.

O, doğulub boya-başa çatdığı Amasiya rayonunun Qaraçanta kəndindən söhbət
açıb. Bildirib ki, Qərbi Azərbaycanın hər bir dilbər guşəsi kimi Amasiya rayonu
da əzizdir, doğma el-obadır:

“Bizim rayonumuz Türkiyə ilə sərhəd idi. Kəndimizdəki yüksəkliklərdən baxanda
Türkiyənin Qars bölgəsinin yaşayış məntəqələri aydın görünürdü. Kəndimizin adı
əvvəl Qaraçanta olub. Lakin sonradan bu ad dəyişdirilib, Əzizbəyov
adlandırılıb. Kəndimizin təbiətini, özünəməxsus soyuq iqlimini, insanlarımızı,
adət-ənənələrimizi indi də ruhumda yaşadır, xoş hisslərlə xatırlayıram. Əsasən
uşaqlıq illərimin keçdiyi o el-oba, evimiz, yurd yerimiz hər zaman mənim üçün
doğmadır, əzizdir”.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasətindən
söhbət açan T.Rüstəmxanlı deyib ki, ata babası Cəfər kişi türk qızı ilə
evləndiyi üçün o dövrdə daim təzyiqlərlə üzləşib, həbs edilərək sürgünə
göndərilib:

“Ata nənəm Şahnisə xanım türk qızı idi. Onun bütün ailəsi, valideynləri Qarsda
yaşayırdılar. Babam Cəfər kişi Şahnisə xanımla evlənəndən sonra daim təqib
olunub, təzyiqlərlə üz-üzə qalıb. Bir müddət sonra ona şər atıblar ki, guya
Türkiyədəki qohumlarımızdan biri gecə ilə kəndimizə gəlib, orada yanğın
törədib, kolxozun mülkünə ziyan vurub, sonra da geri qayıdıb. Bu cür saxta, heç
bir dəlil-sübutu olmayan ittihamla Cəfər babamı həbs edib sürgünə göndəriblər,
orada da öldürüblər. Babamın sürgünündən sonra Şahnisə nənəm böyük məşəqqətlərə
məruz qalıb. Ana babam Əlibəy də İrəvanın sayılıb-seçilən insanlarından olub.
Onu da 1937-ci ilin repressiya illərində həbs edərək öldürüblər, həyat
yoldaşını – nənəmi sürgün ediblər. Anamı öz anasından ayıranda onun cəmi yeddi
yaşı olub. Deyirdi ki, anam məndən ayrılmaq istəmirdi, əlləri ilə əllərimi
möhkəm sıxdığından dırnaqları ovcumun içinə batmış, iz qoymuşdu. Sonralar anam
öz anasını hər dəfə xatırlayanda əllərini ovuşdurur, sanki, o səhnələri yenidən
yaşayır, ağrı-acını daim ürəyində hiss edirdi. O vaxt anamı və
bacı-qardaşlarının hərəsini bir uşaq evinə veriblər. Sonradan böyük xalam
ailənin qalan üzvlərini ətrafına toplayıb, onlara sahib çıxıb. Şahnisə nənəmin
sağlığında çox çalışdıq ki, onu Türkiyədə yaşayan bacı-qardaşları ilə
görüşdürək. Lakin 1970-ci illərdə bu, çox çətin idi. Aidiyyəti dövlət
qurumlarına müraciət etdik, icazə sənədi almaq üçün illərlə gözlədik. Şahnisə
nənəmi bacı-qardaşının həsrəti öldürdü. Nənəmin vəfatının yeddinci günündə
icazə sənədini bizə təqdim etdilər. Nənəmə qismət olmadı doğmalarını görmək,
amma atamı yolladıq gedib qohumlarımızla görüşdü”.

T.Rüstəmxanlı deyib ki, ermənilər tarixi yaddaşımızı silmək üçün Qərbi
Azərbaycan türklərinə böyük faciələr yaşadıblar:

“Nənəm danışırdı ki, qulağıkəsik Andranikin quldur dəstələri Amasiyada
kəndlərimizi talan edib, insanlığa qarşı böyük vəhşiliklər törədiblər. Biz bu
vəhşiliyin nümunəsini 1992-ci ildə Xocalı soyqırımında gördük. Ermənilər
Xocalıda azərbaycanlılara qarşı hansı vəhşilikləri etmişdilərsə, 1918-ci ildə
də onun eynisini ediblər. 1988-ci il hadisələrində azərbaycanlı uşaqları dəmir
borulara salıb ağzını qaynaqlayıb qətlə yetiriblər. Dinc insanlarımıza çoxsaylı
işgəncələr veriblər, onları öz el-obasından didərgin salıblar”.

T.Rüstəmxanlı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin təşəbbüsü
ilə hazırlanan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əhəmiyyətindən, Qərbi
Azərbaycan İcmasının və onun Amasiya rayon icmasının fəaliyyətindən də söhbət
açıb. Mənəvi gücün və dayağın mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib
ki, Prezident İlham Əliyev Qərbi azərbaycanlıların Vətənə qayıtmaq ümidini
artırıb. T.Rüstəmxanlı deportasiya olunmuş qadınların hüquqlarına dair Avropada
konfrans keçirəcəklərini də dilə gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:


Source link