Qərbi Azərbaycan Xronikası: “Ermənilərin ölülərə qarşı qisas cinayəti” – VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Əlibəylinin təqdimatında “Ermənilərin ölülərə qarşı qisas
cinayəti” adlı veriliş efirə gedib.
Verilişdə bir neçə beynəlxalq mükafata layiq görülən Pəmbək mahalının
Qarakilsə şəhərində çalışan jurnalist Naira Bulqadaryanın a1plus saytında Qərbi
Azərbaycanda olan qəbirlərlə bağlı məqaləsinə yer verilir.
O yazır ki, 104 yaşında dünyasını dəyişən Anagiz Əliyevanın məzarı
Ermənistanın Lori rayonunun Saral kəndinin unudulmuş qəbiristanlığındadır:
“Qəbir daşında belə yazılmışdır: Əliyeva Anagiz Məmməd Qızı 1880-1984”.
Ermənistan hökumətinin Azərbaycan qəbiristanlıqlarının bərpası üçün heç bir
vəsait ayırması yoxdur, çünki hökumətin fikrincə, onlar tarixi və mədəni dəyəri
təmsil etmir. Münaqişənin inkişafı ilə yanaşı, hər iki ölkədə abidələr, daha
çox qəbiristanlıqlar zədələnib. Lori rayonunun 20 azərbaycanlı kəndindən biri
olan Saralın iki azərbaycanlı qəbiristanlığı hazırda tərk edilmiş və məzar
daşlarının çoxu sındırılıb. Nor Xaçakap (Saral) kəndinin başçısı Surik Truzyan
xatırlayır ki, Ermənistanın başqa rayonlarından da buraya gəlib, azərbaycanlı
məzar daşlarını maşınlara yükləyib emal etmək və ya satmaq üçün aparıblar”.
Verilişdə qəbir və qəbiristanlığın bütöv bir millətin tarixini, adəti göstərən
memarlıq nümunəsi, sivil xalqların ehtiramla yad etdikləri, qoruduqları yerlər
kimi təqdim olunur, Azərbaycanda müxtəlif dövrlərə və müxtəlif xalqlara məxsus
qəbir yerlərinin ehtiramla qorunduğu qeyd edilir.
Bildirilir ki, XX əsr ərzində Qərbi Azərbaycanda qətliamlar törədən ermənilər,
bir neçə dəfə Azərbaycan türklərinə məxsus məscid, türbələri yandırıb,
qəbiristanlıqları yerlə bir ediblər. İrəvan şəhərindəki Təpəbaşı məhəlləsində
və ya Dəmirbulaqda olan qəbirlər yerlə-yeksan olunmuş izi-tozu qalmayıb:
“Toxmaqgöl qəbiristanlığı da 1988-ci ildə buldozerlərlə məhv edilib.
Dəmirbulaqda olan qəbiristanlığn yerində Türkiyədən köçürülən ermənilər üçün
evlər tikilib. Neçə-neçə kənd, şəhər və mahallar boyunca səpələnmiş Azərbaycan
türklərinin qəbir yerləri yerlə-yeksan edilib. Bu, Ermənistanın dövlət
səviyyəsində həyata keçirdiyi vandalizm siyasətidir”.
Süjetdə Ermənistan Mədəniyyət Nazirliyinin azərbaycanlı qəbiristanlıqları ilə
bağlı məlumatları saxtalaşdırdığı, son yüz il ərzində erməni vandalizmi
nəticəsində ən azı 500-dən çox qəbiristanlığın yer üzündən silindiyi diqqətə
çatdırılır.
Sonda vurğulanır ki, Qərbi Azərbaycanda min illər boyu yaşayan Azərbaycan
türklərinin tarixi-mədəni izləri, abidələri məzarlıqları kütləvi şəkildə
dağıdılıb, silinib və ya saxtalaşdırılıb: “Bu, bir millətə qarşı yönəlmiş
məqsədli vandalizm əməlindən başqa bir şey deyil”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: