f09bc39e-3a4b-4eb7-8e85-a7817c8c79a1..jpg

Qərbi Azərbaycan Xronikası: “Ermənistanın etnik təmizləmə siyasəti soyqırımına səbəb olub” – VİDEO

Baxış sayı: 654 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası: “Ermənistanın etnik təmizləmə siyasəti soyqırımına
səbəb olub” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə
gedib.

Baku TV xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi hüquq
elmləri doktoru, professor Əmir Əliyev olub. O, doğulub boya-başa çatdığı
Zəngəzur mahalı, Mehri rayonu, Nüvədi kəndinin tarixindən, təbiətindən,
maddi-mədəni abidələrindən, kənd sakinlərinin həyat tərzindən danışıb. Bildirib
ki, qədim tarixə malik olan Nüvədi kəndinin spesifik xüsusiyyətləri olub. O,
1988-1991-ci illərdə Nüvədi sakinlərinin çox böyük dəyanət göstərdiyini, erməni
millətçilərinə qarşı sonadək mübarizə apardığını diqqətə çatdırıb. Vurğulayıb
ki, Nüvədi Qərbi Azərbaycanın ən son tərk edilən yaşayış məntəqəsi olub.

Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıtmaq hüququndan söhbət açan
professor Ə.Əliyev deyib ki, soydaşlarımızın bu hüququnu heç kim, yaxud hansısa
dövlət məhdudlaşdıra bilməz. Hüquqşünas Ermənistan dövlətinin azərbaycanlıların
deportasiyasını, məcburi qovulmalarını “könüllü köç” kimi qələmə verməsini
xatırladaraq, rəsmi İrəvanın bu iddiasının tamamilə əsassız olduğunu konkret
faktlarla, beynəlxalq sənədlərə, hüquqa istinad etməklə ortaya qoyub. Qeyd edib
ki, ötən əsrin 1905-1907, 1918-ci illərində erməni-daşnak birləşmələrinin,
1948-1953, 1988-ci illərdə isə Ermənistan dövlətinin Qərbi Azərbaycan
türklərini deportasiyaya məruz qoyması, onlara qarşı etnik təmizləmə siyasəti
həyata keçirməsi soyqırımına səbəb olub.

Professor Ə.Əliyev Ermənistanın formalaşmış adət normalarına qarşı çıxaraq
beynəlxalq hüquq pozuntusu törətməsindən, mədəni irsimizə vurduğu ziyandan,
bunun həcmini hesablamağın qeyri-mümkünlüyündən də söhbət açıb. Bildirib ki,
beynəlxalq aləm, xüsusən də BMT Qərbi Azərbaycan türklərinin hüquqlarının təmin
edilməsinə dəstək olmalıdır. Hüquqşünasın sözlərinə görə, Azərbaycan Vəkillər
Kollegiyasının sədri Anar Bağırovun təşəbbüsü ilə soydaşlarımızın pozulmuş
hüquqları barədə beynəlxalq hesabat hazırlanır. O sonda vurğulayıb ki, tarixi
torpaqlarımıza qayıtmaq hər bir Qərbi azərbaycanlının haqqıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.


Source link