Qərbi Azərbaycan Xronikası: “Gərnibasardakı 52 kənddə cəmi 150 erməni
yaşayırdı” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə
gedib.
Jurnalist Rufik İsmayılovun bu dəfəki müsahibi deputat Kamran Bayramov olub.
O, ata-baba yurdundan – Gərnibasar mahalının Qəmərli kəndindən söhbət açıb.
Bildirib ki, gözəl təbiəti olan bu mahaldakı 52 kənddə XIX əsrin əvvəllərinə
qədər cəmi 150 erməni yaşayıb. Lakin 1820-1830-cu illərdə mahalın yaşayış
məntəqələrinə 5 400-ə yaxın erməni köçürülüb.
Qeyd edib ki, ermənilərin azərbaycanlılar yaşayan kəndlərə köçürülməsindən bir
müddət sonra narazılıqlar yaranıb, zaman-zaman soydaşlarımıza qarşı deportasiya
və soyqırımı siyasəti həyata keçirilib.
Deputat K.Bayramov bildirib ki, XX əsr Azərbaycan xalqı üçün ədalətsizliklər
dövrü kimi yadda qalacaq. Çünki bu əsrdə baş verən etnik təmizləmələr
nəticəsində azərbaycanlılar dəfələrlə fiziki-mənəvi işgəncələrlə, bəşəri
faciələrlə, ölümlə üz-üzə qalıblar, dədə-baba yurdlarından didərgin salınıblar.
Uzun illər Vətəndən ayrı yaşayan soydaşlarımız əcdadlarının məzarlarına da
həsrət qalıblar. Bu müddətdə Qərbi Azərbaycanda məskunlaşdırılan ermənilər isə
tarixi irsimizi silməyə, maddi-mədəni, dini abidələrimizi məhv etməyə
çalışıblar.
Millət vəkili K.Bayramov ixtisasca hüquqşünas olan babasının da XX əsrin
ortalarında deportasiyaya məruz qaldığını, ailəsi ilə birlikdə əvvəlcə
Qəbələyə, ardınca Ağdaşa köçdüyünü diqqətə çatdırıb.
Onun sözlərinə görə, babası vəkillik fəaliyyəti göstərdiyi üçün o zaman Qərbi
Azərbaycandan didərgin salınan soydaşlarımıza böyük köməkliklər göstərib.
Deputat söyləyib ki, ötən əsrin deportasiyalarında Qərbi Azərbaycanın Göyçə və
Zəngibasar mahallarından didərgin salınan 27 minə yaxın azərbaycanlı Şəmkir
rayonunda məskunlaşıb. Dörd mindən çox soydaşımız isə Daşkəsən rayonuna pənah
gətirib.
K.Bayramov Qarabağ Zəfərindən sonra soydaşlarımızda Qərbi Azərbaycana qayıtmaq
ümidi və inamının daha da artdığını diqqətə çatdırıb. Qayıdış Konsepsiyasının
mükəmməl səviyyədə hazırlanan mühüm dövlət sənədi, yol xəritəsi olduğunu
vurğulayan millət vəkili tarixi Azərbaycan torpaqlarına sahib çıxmağın
əhəmiyyətini dilə gətirib. Bildirib ki, bütün xalqların öz vətənində yaşamaq
hüququ var və Qərbi Azərbaycanın əzəli sakinlərinin də öz ata-baba yurdlarına
qayıdışı təmin olunmalıdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: