a3d2cfc7-430a-40e1-9fda-bb8978a70262..jpg

Qərbi Azərbaycan Xronikası: Göyçə mahalının camaatı şəkər xəstəliyinə tutulmayan kəndi – VİDEO

Baxış sayı: 520 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası: Göyçə mahalının camaatı şəkər xəstəliyinə
tutulmayan kəndi – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalı, Basarkeçər rayonu, Pəmbək
kəndi haqqında xüsusi buraxılış hazırlanıb.

Verilişdə Pəmbək kəndinin adının mənasından söhbət açılıb. Qeyd olunub ki, bu
toponim quşçu türk etnonimi ilə “iki dağ və ya təpə arasında, eləcə də
düzənlikdə uzun dərin çuxur” mənasında işlənən dərə sözünün birləşməsindən
əmələ gəlib. Pəmbək sözü “dərədə quşçu tayfasının yaşadığı kənd” mənasını ifadə
edir və etnotoponimdir, quruluşca mürəkkəb toponimdir. Kəndin qədim tarixə
malik olduğu diqqətə çatdırılaraq o da vurğulanıb ki, buradakı albanlara,
oğuzlara məxsus qəbiristanlıqlarının xarabalığı müasir dövrümüzə kimi gəlib
çatıb.

Bildirilib ki, Basarkeçər rayon mərkəzindən 24 kilometr şimal-qərbdə, Göyçə
gölünün sahilində yerləşən Pəmbək kəndi bütün Göyçə mahalının aranı hesab
edilib. Kənd başdan-başa meyvə ağaclarından ibarət olub. Burada bitən alma,
armud, ərik, gavalı, gilas, qoz, üzüm və sair öz tamı və ətri ilə digər
yerlərin meyvələrindən tamamilə fərqlənib. Pəmbək meşələrində də çır alma,
armuddan başqa qarağac, keçiməməsi, itburnu və ya zincirli, qoyungözü, iydə və
çaytikanı kimi min dərdin dərmanı hesab olan meyvə və giləmeyvə ağacları olub.
Arxası meşəli yüksək dağlara söykənmiş kəndin ətəyi isə saf, dumduru suyu olan
Göyçə gölünə birləşib. Bu gölün təmiz və şirin suyu adı dillər əzbəri olan
balıqlarla zəngin olub. Pəmbək kəndində yaşayan azərbaycanlıların 1988-ci ildə
deportasiyaya məruz qaldığı, öz tarixi-etnik torpaqlarından qovulduğu
vurğulanıb.

Verilişdə Göyçə mahalının ən isti kəndi sayılan Pəmbəkin qəribə adətlərindən,
həmçinin bir qayaüstü rəsmin bütün kəndi tilsimdə saxlamasından, bu yaşayış
məntəqəsi sakinlərinin şəkərli diabet xəstəliyinə tutulmamalarından, kəndi şər
qüvvələrdən qoruyan sehrli daşdan söhbət açılıb. Verilişdə Pəmbək kəndinə
məxsus mətbəxin fərqli nümunələri təqdim olunub, qış tədarükü, mövsümi
hazırlıqlar göstərilib.

Həmçinin kəndin etnik mədəni tarixini təcəssüm etdirən dekorativ-tətbiqi sənət
növləri, el oyunları, adətlər və aşıq yaradıcılığı haqqında geniş məlumat
verilib. Qeyd olunub ki, Pəmbək kəndinin sakinləri tutduqları mövqedən, mənsub
olduqları yaşdan asılı olmayaraq, bu yaşayış məntəqəsinin tarixini, adətlərini
xatırlayır, yaşadır və özlərindən sonra gələnlərə ötürürlər. Bununla təkcə
Pəmbək kəndini yaşatmır, eyni zamanda Böyük Qayıdış üçün də əsaslı zəmin
yaradırlar. Verilişdəki müsahibə və çıxışlarda bu məqamlar daha qabarıq tərzdə
özünü əks etdirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.


Source link