Qərbi Azərbaycan Xronikası: Gürcüstanda qüvvələr Azərbaycana və Borçalı
türklərinə qarşı çıxırdı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet
hazırlanıb.
Süjetdə Azərbaycanın Cənubi Qafqazda qonşuları Gürcüstan və Ermənistanla
həmişə xoş münasibətdə olduğu, milli əxlaqdan irəli gələn bu keyfiyyəti daim
nümayiş etdirdiyi vurğulanır.
Bildirilib ki, 1987-ci ilin fevralında Gürcüstanın Xobi rayonunun Çaladidi
kəndinə sel gələn zaman sovet ordusunda xidmət edən, əslən Ağdamın Mahrızlı
kəndindən olan 20 yaşlı Rahib Məmmədov fədakarcasına 28 sakini xilas edərək
həlak olub və bu iki ölkə arasında dostluq münasibətlərinə həmişə örnək olub.
Diqqətə çatdırılıb ki, 1988-ci il dekabrın 7-də Spitak (Hamamlı) rayonu
ərazisində 7 bal gücündə zəlzələ baş verəndə Qərbi azərbaycanlılar doğma
yurdlarından qovulurdu:
“Ermənistanı tərk edən ailələrə yollarda divan tutulur, əmlakları qarət
edilir, özləri isə qətlə yetirilirdilər. Həmin ildə Qərbi Azərbaycan ərazisində
261 azərbaycanlı kənd və qəsəbəi boşaldılıb, 226 qərbi azərbaycanlı ermənilər
tərəfindən öldürülüb, güllələnib, qəsdən avtomobil qəzasına salınıb, dağ
yollarında donub, 400-dən çox adam bədən xəsarəti alıb. Azərbaycanlıların
başlarına gətirilən müsibətlərə baxmayaraq Spitak zəlzələsindən zərərçəkən
ermənilərə yenə yardım əlini uzadıb. Həmin vaxt Bakıdan fəlakət zonasına yardım
məqsədi ilə təcili yola düşən könüllü azərbaycanlılardan ibarət böyük qrup
“İL-76” təyyarəsində qəzaya düşüb və 78 könüllü həlak olub”.
O da qeyd olunur ki, Azərbaycan həmişə Qarabağda yaşayan erməni sakinlərə öz
ərazisində yaşamaq üçün yardımlar edib:
“Lakin Rəsmi Bakının humanist addım və çağırışların qarşılığında Qarabağdakı
qanunsuz cinayətkar qurum terrora əl atıb. Onlar Azərbaycanın bu il sentyabrın
19-da başladığı birgünlük antiterror tədbirindən sonra könüllü olaraq
yaşadıqları ərazini tərk ediblər. Həmin könüllü köçkünləri Azərbaycan hərbçisi,
polisi yemək və su verməklə yola saldı. Amma 35 il öncə Qərbi azərbaycanlılar
evlərindən məcburi çıxarılıb, insanlara şəxsi sənədini, əşyalarını götürməsinə
belə imkan verilməyib. Bu il həmin o faciəli tarixin 35 ili tamam olacaq”.
Sonda Ermənistanda türklərə qarşı vuruşan, soyqırımı törədənlərə qoyulan
abidələrin indi uçurulduğu, lakin nə Rahib Məmmədovun cəsarəti, nə də təbii
fəlakətə görə ermənilərə yardım etmək üçün gedən 78 könülü azərbaycanlı
unudulacaq:
“Çünki onların heykəlləri tarixdə müsbət işlərə görə qoyulub. Bütün bunlar
Azərbaycan xalqının əxlaq və tərbiyəsinin nümunəsidir”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: