Qərbi Azərbaycan Xronikası: Həm Rusiyanın, həm də Qərbin planına görə,
Zəngəzur dəhlizi reallaşacaq – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet
hazırlanıb.
“Qərbi Azərbaycan reallığı erməni ictimai rəyinə yerləşməyə başlayır” adlı
süjetdə Qazaxın dörd kəndinin qaytarılması və sərhədin demarkasiyasının Tavuş
istiqamətində başlanmasından sonra Ermənistanda “Qərbi Azərbaycan” mövzusu üzrə
müzakirənin intensivləşdiyi bildirilir.
Qeyd olunub ki, bütün bunlar Qərbi Azərbaycan reallığının erməni ictimai
rəyinə yerləşməyə başlamasından xəbər verir: “Xüsusilə II Qarabağ müharibəsində
qazanılan Zəfərdən sonra onlar anlayırlar ki, azərbaycanlıların tarixi
torpaqlarına qayıdışı qaçılmazdır və bununla razılaşmalı olacaqlar.
Ermənistanda “Qərbi Azərbaycan” müzakirələrinin əsas səbəbi Qazaxın kəndlərinin
qaytarılmasından sonra rəsmi Bakının hansı tələblər irəli sürməsi haqqında
səslənən fikirlərdir. Əslində isə növbəti hədəfin Zəngəzur dəhlizinin açılması
olduğu sirr deyil”.
Süjetdə bu il aprelin 23-də Prezident İlham Əliyevin ADA Universitetində
keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusundakı beynəlxalq
forumda çıxışı zamanı Zəngəzur dəhlizi məsələsi ilə bağlı konkret mövqe
açıqladığı vurğulanır.
Diqqətə çatdırılıb ki, həm sərhədin delimitasiyası üzrə razılığın əldə
edilməsi, həm də kommunikasiyanın hansısa prinsiplərə uyğun açılması
variantları Azərbaycan üçün məqbuldur və hər iki variantda dəhliz tələbi yerinə
yetirilməlidir: “Bunu anlayan Qərb ölkələri artıq Azərbaycanın mövqeyini qəbul
edirlər və əsas strategiya olaraq, Orta dəhlizin açılması seçilib. Bakı-İrəvan
danışıqlarının növbəti raundunda ən aktual məsələ Zəngəzur dəhlizinin açılması
olacaq. Ermənistanda hesab edirlər ki, bu dəhlizin reallaşması
azərbaycanlıların Qərbi Azərbaycana qayıdışının da başlanğıcı olacaq”.
Erməni hüquqşünas Varazdat Arutyunyan, politoloq Beniamin Matevosyan və
rusiyalı politoloq Boqdan Bezpalkonun fikrincə, baş nazir Nikol Paşinyanın
gündə bir neçə dəfə “legitimlik” sözünü işlətməsi Azərbaycanın tələblərinin
icrasının qaçılmaz olduğunu izah etmək məqsədi daşıyır: “Azərbaycanın növbəti
hədəfi Sünikdən (Zəngəzur) dəhliz əldə etməkdir və Türkiyə də bu planı sona
qədər dəstəkləyir. Ermənistan daha dəhşətli ssenari ilə üzləşəcək. Belə ki,
Ermənistan cənubdakı əraziləri itirəcək. Bununla Zəngəzur dəhlizinin keçəcəyi
bölgəyə Azərbaycan nəzarət edəcək”.
Sonda vurğulanıb ki, baş verənlər bir xəbərin müjdəçisidir: “Qərbi Azərbaycana
addım-addım yaxınlaşırıq”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.
Daha ətraflı Baku TV-nin süjetində: