Qərbi Azərbaycan Xronikası: İrəvan şəhərində sensasiyalı tapıntı: Xanın şəxsi
əşyaları üzə çıxdı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Əlibəylinin təqdimatında “Erməni tədqiqatçı tapdığı əşyalarla
saxta tarixi ifşa etdi” adlı veriliş efirə gedib.
Cixisyolu.com xəbər verir ki, verilişdə erməni tarixçi və arxeoloqlarının gerçək,
üzdə olan tarixi dəyişib, saxta don geyindirib, haylaşdırmaq kimi missiyasından
bəhs olunur.
Bildirilib ki, bu şərəfdən uzaq missiyanı Rusiya kəşfiyyatının xəfiyyəsi
Xaçatur Abovyan xeyli inkişaf etdirmiş və çağdaş tarix talançıları irsini
yaratmışdı. Müəmmalı şəkildə itkin düşən, ya da missiyasını həyata keçirib öz
həyatına qayıdan yezidi kürd ədəbiyyatı mütəxəssisi olan Abovyanın yetirmələri
onu saxtakarlıq fəaliyyətləri ilə geridə qoydular. Rahatlıqla, bütün dəlilləri
bir kənara atıb 15-ci əsr Qaraqoyunlu Əmir Səəd türbəsini Türkmənistana, Göy
məscidi İrana, Qıpçaq-Alban irsini Qazaxıstana bağlayıb, Azərbaycan kəlməsini
itirmək istəyirlər.
Qeyd olunub ki, tarixin qənimi ermənilər İrəvan şəhərinin köhnə simasını tam
dağıdıb, torpaqaltında gizlədiblər. İndi qazıntı zamanı üzə çıxan tarixi
həqiqətləri eyni həyasızlıqla danmaqla məşğuldular. Azərbaycan şəhəri İrəvanın
Qantar bazarını söküb, yerində uşaq parkı saldılar. İndi qazıntı zamanı buradan
tapılan maddi sübutlar erməni yalanı müəlliflərini çətinə salıb deyə, min cür
yalanla nağıllar uydurub, gerçəyi yenidən torpaq altına gömürlər.
Süjetdə Tarixi-Mədəni İrsin Araşdırma Mərkəzinin ekspedisiya rəhbəri Meri
Safaryanın qazıntılar zamanı tapdığı İrəvan xanına aid şəxsi əşyalar, eləcə də
Azərbaycan irsinə aid maddi və mənəvi sübutlar göstərilir. Onun sözlərinə görə,
builki qazıntılar hava şəraitinə görə 15 gün davam etdi və xilasetmə xarakteri
daşıyırdı: “Əgər maliyyə məsələsi həll olunarsa, gələn il İrəvanın mərkəzində
gizlənmiş tarix üzə çıxacaq”.
Sonda vurğulanıb ki, ermənilər məhz maliyyəni bəhanə edib tarixi həqiqəti –
İrəvan şəhərində Azərbaycan tarixini və mədəniyyətini torpaq altında məhv
edirlər.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.
Daha ətraflı Baku TV-nin süjetində: