Qərbi Azərbaycan Xronikası: “Kəndimizin toylarında qara zurnanın səsi bütün
dağlara düşürdü” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər
İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı
efirə gedib.
Cixisyolu.com xəbər verir ki, “Erməni kəndləri ilə digər kəndləri məqsədli şəkildə
birləşdirirdilər” adlı veriliş Qərbi Azərbaycanın Zəngəzur mahalının, Qarakilsə
(Sisian) rayonunun, Sofulu kənd sakini Əlövsət Quliyevin həyat hekayəsinə həsr
olunub.
O, doğulduğu, boya-başa çatdığı kəndin təbiətindən, orada keçirdiyi uşaqlıq,
orta məktəb, gənclik illərindən, toy və milli oyunlardan danışıb:
“Biz Zəngəzur sıra dağlarının ətəyində idik. Uşaqlıqda oranı qarış-qarış at
belində gəzmişəm. Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara
düşürdü”.
Onun sözlərinə görə, 1918-ci illərdə Andranikin dəstələri Hortagiz kəndini
xarabalıqlara çevirib, dağıdıblar:
“Kəndin hər tərəfini mühasirəyə alıb bir yerdən çıxış qoyublar ki, guya oradan
çıxsınlar. O tərəfdən isə onları öldürüblər. Babamgil bizə danışırdılar ki, o
vaxt Sofulu kəndinə də ermənilər hücum ediblər. 1901-1908-ci illərdə bir köç
olub, 1918-ci ildə təkrar hücum ediblər. Əmim qundaqda uşaq kimi Naxçıvana
gedib, sonra yenidən qayıdıblar. Kəndlərdən bizim xalçaları ermənilər
oğurlayıblar. Erməninin etibarı yoxdur. Biz 11-ci sinifdə oxuyanda artıq
təbəqələşmə gördük. Məktəbə gedirdik, ermənilər yolda balaca uşaqları
öyrədirdilər ki, bizə daş atsınlar. Biz də uşağa nəsə edəndə, divarın dalından
çıxıb bizə hücum edirdilər ki, uşağı niyə vurursan. Bax, bu cür həyasız
metodlar edirdilər”.
Ə.Quliyev deyib ki, 1972-1973-cü illərdən sonra kənddə şagirdlərin sayı
tədricən azalırdı, 1980-ci illərdə siniflərə uşaq çatmırdı:
“İşıqlar, Qızıl-Şəfəq, Sofulu, Murxuz kəndlərini bir sovxoz elədilər. Ondan
sonra erməni kəndi ilə digər kəndləri birləşdirdilər və düşünülmüş formada
bizim deportasiya 1960-cı illərin sonunda başladı. Orta məktəblərdə erməni
dilini qadağan etdilər, təyinat alıb gələn azərbaycanlıları qoymurdular”.
O, doğma yurda qayıtmağı çox istədiyini də söyləyib:
“İnsan harada doğulubsa, ora qayıtmalıdır. Əzizlərinin qəbirləri, ruhları
oradadır. O ruhlar bizi hər an narahat edir. Torpaq, Vətən itirmiş adamların
daxilində həmişə bir niskil var. Mən o yerləri eşindədə kövrəlirəm,
gərginləşirəm, yaşıdlarım, itirdiklərim yadıma düşür. Əminəm ki, torpağı
olmayan ermənilər gec-tez Azərbaycan torpağından gedəcəklər. Zəngəzur dəhlizi
də açılacaq. Biz Bakıdan öz maşınlarımızla Qarakilsəyə, Göyçəyə gedəcəyik.
Həmin bulaqlar, dağlar, çaylar bizi gözləyir. Öz yurdlarımızda bizim
gənclərimiz ev də tikəcək, yurd da salacaqlar”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: