<>Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində
jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin
növbəti buraxılışı hazırlanıb.
“Ermənilər bizim qapılarda meyvədən ötrü diz çökürdü” adlı veriliş Dərələyəz
mahalının Keşişkənd rayonunun Ələyəz kənd sakini Leylan Cəbrayılovanın həyat
hekayəsinə həsr olunub.
O, 1946-cı ildə dünyaya göz açdığı doğma kəndinin xatirələrini bölüşüb:
“Ələyəz kəndi həqiqətən bir cənnət idi. Kənddə hər ailənin öz torpaq sahəsi,
bağı və həyəti var idi. Ələyəz kəndi təkcə meyvə bağları ilə deyil, həm də
zəngin su qaynaqları ilə məşhur idi. Çoxlu bulaqlarımız var idi – Ağ bulaq,
Xırrı bulaq. Yay aylarında sakinlər Əməri yurdu və Dəmir təpə kimi yaylaqlara
çıxırdılar”.
Onun sözlərinə görə, doğma yurdundan qovulan azərbaycanlılar acı tale yaşayıb,
erməni vəhşilikləri, təcavüzü və deportasiyasının qurbanı olublar: “Təəssüf ki,
bu gözəl diyarın taleyi faciəvi şəkildə dəyişdi. 1988-ci ilin noyabr ayında
erməni təcavüzü nəticəsində Ələyəz sakinləri öz doğma yurdlarını tərk etməyə
məcbur oldular. Bizi sürgün edirlər. Atam, bibim ermənilərin 1915-1918-ci
illərdə törətdikləri vəhşiliklərdən danışırdı. O vaxt ermənilər kəndə basqın
edib dinc sakinləri qətlə yetirmişdilər. Ulu babamı da ermənilər öldürmüşdü.
Qaçıb canını qurtaranlar sonradan qayıdanda dəhşətli mənzərənin şahidi olublar.
1988-ci ilin noyabr ayında ermənilər yenidən azərbaycanlılara qarşı təcavüzə
başladılar. Ailəmiz məcburən doğma kəndi tərk edib Bakıya pənah gətirdilər.
Amma həyat yoldaşım bir müddət kənddə qaldı. Ermənilər evlərə od vurub
yandırırdılar. Azərbaycanlılar canlarını götürüb qaçdılar. Qohumlarım çox
əziyyət çəkdilər. Onları döyüb, ölümcül hala salmışdılar”.
Ələyəz kənd sakini Vətən həsrəti ilə yaşadığını söyləyib və öz arzusunu dilə
gətirib: “Bu gün Ələyəz sakinləri Vətən həsrəti ilə yaşayırlar. Elə həsrət
çəkirəm, gedəm Vətənə, bir dəfə öz eyvanımıza çıxam, oradan da enəm o
qəbristanlığa baxam. Vətən həsrətini təkcə mən yox, hamı çəkir. Orada
doğulmuşam, ulu babamın, atamın qəbri var. Ən böyük arzum doğma kəndimə
qayıtmaq, ata-baba yurdunu ziyarət etməkdir. Bir arzum var, gedim, nəvələrimi
də aparım, o cənnət məkanı, o həyətimizi gəzdirim. Vətəni görmədən ölmək
istəmirəm. İnanırıq ki, bu arzular gerçəkləşəcək, gedib öz yurdumuzda
yaşayacağıq”.
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz
minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni
zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması,
həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya
ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
bizi sürgün edirlər, siz burada qaldınız”
Qərbi Azərbaycan Xronikası: “Qəbrin üstündə dedim, ata, bizi sürgün edirlər,
siz burada qaldınız”