Qərbi Azərbaycan Xronikası: “Qədim Qıpçaq adətlərini yaşadan bölgənin sirli
aləmi” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Əlibəylinin təqdimatında Amasiya rayonu haqqında xüsusi buraxılış
hazırlanıb.
Verilişdə Amasiya rayonunun tarixindən söhbət açılıb. Bildirilib ki, sovet
hakimiyyəti dövrünə qədər bu ərazidə mövcud olan 40 kənddən cəmi üçündə
ermənilər məskunlaşıb. Ümumən rayon ərazisində aborigen Azərbaycan türkləri
böyük üstünlük təşkil ediblər. 1920-ci ildə bölgənin Sınıx, Mumuxan, Qonçalı,
Ördəkli, Seldağılan, Musluqlu (Mustoğlu), Bağçalı və Söyüdlü kəndlərinin
əhalisi Türkiyəyə köçmək məcburiyyətində qalıblar.
1948-53-cü illərdə deportasiyaya məruz qalan Amasiya sakinləri 1988-ci ildə də
eyni aqibətlə üzləşiblər, Oxçuoğlu, Güllübulaq, Çaxmaq, Mağaracıq, Qaraçanta,
Daşkörpü, İbiş, Qonçalı, İlanlı, Düzkənd, Qaranamaz, Göllü, Təpəkənd (Təpəköy),
Hozukənd, Qarabulaq, Elləroyuğu (Ellərkənd), Bəndivan, Quzeykənd, Alakilsə,
Çələb, Qara Məmməd, Güllücə, Balıqlı kimi tarixi kəndlərini məcburən tərk
edərək, Qərbi Azərbaycandan olan digər soydaşlarımız kimi didərginlik həyatı
yaşamağa məhkum olublar.
Verilişdə Amasiya rayonunun qəribə adətlərindən, mətbəxindən, mədəniyyətindən
də danışılıb. Dədə Qorqud dastanında adı çəkilən bu yerlərin didərgin sakinləri
qədim Qıpçaq adətlərini yaşadan bölgənin sirli aləmindən söhbət açıblar.
Müsahiblər Xıdır Nəbinin qonaq gəlməsi, evə gəlin gələndə qayınana və
qayınatanın güləşib bir-birini yıxması, gəlinin başına alma atılıb
partladılması, balıq tutan şəxsin qarmağına su əyəsinin (ilahəsi və ya pərisi)
düşməsi, nəticədə onun başına fəlakət gəlməsi, qayı tayfasının yaşadığı ərazi,
həmçinin amasiyalıların dağ və su əyələrinə inanmaları barədə böyüklərdən
eşitdikləri söz-söhbətləri, adət-ənənələri dilə gətiriblər.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.
Veriliş oktyabrın 21-də saat 19:30-da “Baku TV”nin efirində və yutub kanalında
yayımlanıb.