Qərbi Azərbaycan Xronikası: Qədim Şaman inancını yaşadan Bala Məzrə kəndi –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalının, Basarkeçər (Vardenis)
rayonunun Bala Məzrə kəndi haqqında xüsusi veriliş hazırlanıb.
Verilişdə Bala Məzrə kəndinin etnoqrafiyası, adət-ənənələri, mətbəxi, toyları,
aşıq sənəti, bayram ənənələri, kənd təsərrüfatı və digər sahələrindən geniş
söhbət açılıb. Bildirilib ki, Bala Məzrə rayon mərkəzindən 9 kilometr şimalda,
Məzrə çayının yanında yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə Məzrə
formasında, Qafqazın 5 verstlik xəritəsində Bala Məzrə kimi qeyd edilib. Kəndin
bir adı da “Qulu ağalı” olub. Kəndin ərazisində X-XII əsrlərə aid alban
kilsəsi, IV-VII əsrlərə aid oğuz qəbiristanlığı vardır. Toponim ərəb dilində
“əkilmiş yer, sürülüb toxum səpilmiş tarla” mənasında işlənən məzrə (məzru)
sözü əsasında formalaşıb.
Qeyd olunub ki, kənddə 1831-ci ildə 227, 1873-cü ildə 675, 1886-cı ildə 978,
1897-ci ildə 1200, 1908-ci ildə 1658, 1914-cü ildə 1731, 1916-cı ildə 1375
nəfər azərbaycanlı yaşayıb.
Vurğulanıb ki, 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla
qovulub. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra
azərbaycanlılardan sağ qalanları kəndə qayıda bilmişlər. 1922-ci ildə burada
359, 1926-cı ildə 653, 1931-ci ildə 912, 1987-ci ildə 2000 nəfər azərbaycanlı
yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında Ermənistan dövləti
tərəfindən azərbaycanlılar tarixi-etnik torpaqlarından qovulmuşdur. Süjetdə
Bala Məzrə adının yaranmasından, sirli daşı bulağın gözünə qoymaqla yağış
yağdırmanın sirrindən, toy günü bəyi döymək adətindən, Göytürk, Qıpçaq və Oğuz
adətlərini yaşadan Bala Məzrədə yaylaqda qurda pay vermə adətindən, ermənilərin
Qoşqar dağındakı daşın üstünü rənglənməsinin səbəbindən, eləcə də Bala Məzrədə
yazılmış qədim yazının mənasından bəhs olunur.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. Həmçinin Prezidentİlham Əliyevin
Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir
daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin,
kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki
Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə
ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq,
Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn
vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: