5a30b525-153f-4056-9618-ac152133395b..jpg

Qərbi Azərbaycan Xronikası: “Qonşu bizə dedi ki, babanızın evinə ermənilər hücum ediblər” – VİDEO

Baxış sayı: 628 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası: “Qonşu bizə dedi ki, babanızın evinə ermənilər
hücum ediblər” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist
Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti
buraxılışı efirə gedib.

“Biz qışda hokkey oynamaq üçün İrəvanda küçələri sulayardıq” buraxılış qədim
İrəvan şəhər sakini Tamerlan Əliyevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq, məktəb illərinin İrəvan şəhərində keçdiyini, uşaq baxçasını, orta
məktəbi orada bitirdiyini deyib:

“Bir sinifdə 40 şagird oxuyurdu. 10-cu sinfi qurtaranda isə 20 nəfər
bitirmişik. Bu azalmanın əsas səbəbləri azərbaycanlıların köçürülməsi ilə bağlı
qərarın qəbul edilməsi və insanların mənən sıxışdırılması idi”.

O, uşaqlıq illərinin heç vaxt yaddan çıxmadığını, məhəllədə yay və qış
vaxtlarında oynadıqları oyunları xarırladıb, xəyalından müəllimələrini heç vaxt
çıxmadığını söyləyib:

“M.F.Axundov adına 9 nömrəli məktəbin müəllimləri çox güclü olublar. O məktəb
və müəllimlər İrəvan ziyalılarının yaranmasında, formalaşmasında çox böyük rol
oynayıb. Bizim orada yaşadığımız evin indi 100 yaşı var.

T.Əliyev və bütün Qərbi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlılar sovet
hakimiyyəti dövründə İrəvandan iki-üç dəfə deportasiyaya uğrayıblar:

“1948-1953-cü illər deportasiyası zamanı institutları bağlamışdılar. Qərbi
Azərbaycanın başqa yerlərində camaatı yük vaqonlarına doldurub Kür çayı
ətrafına köçürmüşdülər. Sonra azərbaycanlıların bəziləri geri qayıtmışdı.

Mən1987-ci ildə İrəvanda öz evimizə qeydiyyata düşmək istədim. Lakin müəyyən
səbəblər, arqumentlər gətirərək məni qeydiyyata salmadılar. Mənim valideynlərim
isə 1988-ci ilə qədər həmin o evdə, o yurdda yaşayıblar”.

O, İrəvanda son deportasiya zamanı evlərini dəyişmək üçün doğma şəhərə
qayıtdığını deyib:

“Bu hadisələr başlayanda evləri dəyişdirmək istəyirdik. Onda evlə məşğul
olurdum və mən bu evlə əlaqədar İrəvana qayıtmışdım. İrəvanda qaldığım zaman
babamgil də, qonşular da oradan köçməmişdilər. Gecə yatmışdıq qonşu gəlib bizi
oyatdı ki, təcili durun, sizin babanızın evinə ermənilər hücum ediblər. O zaman
evdə mən, atam və anam idi, qalanlar isə Bakıda qalırdılar. Atam məni qaçırdı,
dedi ki, sən cavansan, ola bilər səni vurub edərlər. Həmin gün mənim yadımdan
çıxmayacaq. Ondan sonra İrəvanda heç bir azərbaycanlı qalmadı”.

Hər il üç-dörd dəfə İrəvana getdiyini, ermənilərin Toxmaqgöl qəbiristanlığını
1988-ci ilə qədər yerlə-yeksan etdiyini, doğma Vətən həsrətilə yaşamağın çətin
olduğunu söyləyən T.Əliyev öz yurduna qayıtmaq istədiyini bildirib:

“İstəyərəm öz yurduma qayıdam. Mən orada anadan olmuşam. Mənim uşaqlığım orada
keçib, o abu-hava ilə böyümüşəm. Bunu yaddan çıxarmaq olarmı?! Babalarım,
nənələrim Toxmaqgöl qəbiristanlığında dəfn olunublar. Otuz beş ildir ana
yurdumu hər ay yuxumda görürəm. O həsrət heç vaxt – ölənə qədər yaddan çıxa
bilməz”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Ətraflı süjetdə:


Source link