b3f01690-f087-4a77-b6d6-7a21bd455e64..jpg

Qərbi Azərbaycan Xronikası: “Rayonun KQB sədri mənə dedi ki, ey türk, axırınız yoxdur…” – VİDEO

Baxış sayı: 391 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası: “Rayonun KQB sədri mənə dedi ki, ey türk, axırınız
yoxdur…” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Baku TV”də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər
İbrahimovun müəllifi olduğu “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı
hazırlanıb.

Cixisyolu.com xəbər verir ki, “KQB-nin rayon üzrə sədri mənə dedi ki, ey türk,
axırınız yoxdur…” adlı veriliş Dərəçiçək mahalının Axta rayonunun Təkəli kənd
sakini Zahid Həsənovun həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq illərindən söz açıb, orta məktəbdə ermənilərlə birlikdə oxuduğunu,
müxtəlif oyunlar oynadıqlarını xatırladıb: “Məktəbdə həm ermənilər, həm də biz
oxuyurduq. Biz sayca üstün idik. 100-150 uşaq azərbaycanlı idisə, 10-15 nəfər
erməni idi. Uşaqlıq illərimizdə münasibətlərimiz mülayim, yaxşı olub.
Yarışlarda həmişə ermənilərə üstün gəlmişik.

Təkəli kəndində 170-ə yaxın evin 20-də ermənilər yaşayırdı. Onlar kəndə
1915-1918-ci illərdə Türkiyədən gətirilib məskunlaşdırılmışdılar. Kənddə camaat
tayfa ilə tanınırdı. Günümüz bulaqların başında, meşələrdə gül yığmaqla
keçərdi”.

Z.Həsənov qaçqınlıq illərindən danışıb: “1988-ci ilin fevral ayı idi. Dövlət
Təhlükəsizlik Komitəsinin Axta rayonun üzrə sədri erməni idi. O, qonşumun əmisi
oğlu idi. Bir dəfə dedilər ki, səni sədr çağırır. Getdim, mənə dedi ki, ey
türk, sizin axırınız yoxdur, çalış uşaqlarını buradan çıxar. Soruşdum niyə?
Dedi ki, bu vəziyyəti görmürsənmi, millətin qabağını ala bilməyəcəyik.

Elə səhəri gün bizim kəndə 6 yük maşını gəldi, əşyalar yükləndi və getdi. Biz
iyunun 3-4-də kənddən çıxdıq. Bakıya gəldik, Zabratda məskunlaşdıq.

Kəndimizin camaatı 1949-cü ildə yenə deportasiya olub. Saatlı rayonuna
gəliblər. İnsanlar istiyə dözə bilməyib. Camaat görüb ki, yaşamaq mümkün deyil,
yenidən Qərbi Azərbaycana, Axta rayonuna qayıdıblar. Gedib görüblər ki,
kəndləri artıq yoxdur, darmadağın dağıdıblar. İnsanları cəmləşdirib Təkəli
kəndinə yığıblar. Babam həmişə söhbət edərdi ki, oralarda türk əsgərləri olub.
Sarıqaya deyilən yerdə türklərin topları düzülübmüş. Erməni topların
qorxusundan müsəlmana zərər verməyib.

Babam deyərdi ki, Nuru başa bizim kənddən keçib. Cavanları dəvət edib ki,
gəlin, Azərbaycana köməyə gedək. Onlar Mərdəkana kimi gəliblər, xalqı azad
ediblər. Geri qayıdanda Nuru paşa deyib ki, çocuqlarım, gəlin bizimlə Türkiyəyə
gedək. Sizin burada axırınız yoxdur. Babam deyir, biz cavab verdik ki, bəs
Vətən, bəs valideynlər? Bu gözəl yeri buraxıb getmək olarmı? Getməyiblər”.

Onun sözlərinə görə, doğma yurdu hər gün yuxuda görür: “Mən yenidən o gözəl
yerlərə qayıdacağıma əminəm. Üləşik kəndində babalarımın, atamın qəbrini
ziyarət edəcəyəm. Oradan doğulduğum Təkəlli kəndinə gedəcəyəm. Buna ümidimiz
böyükdür. Ona görə ki,İlham Əliyev kimi Prezidentimiz var. Biz ora mütləq
qayıdacağıq, yaşayacağıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.


Source link