3eec47c1-8c39-41d7-855f-22d2e436d58a.jpg

Qərbi Azərbaycan Xronikası: “Səməd Vurğun Dilican dərəsini öz şeirlərində vəsf edib”

Baxış sayı: 257 dəfə baxılıb.

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə
gedib.

Cixisyolu.com xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan
İcmasının Sumqayıt şəhər nümayəndəliyinin sədri Ramiz İsmayılov olub.

O, doğulub boya-başa çatdığı Haqqıxlı kəndindən söhbət açıb. Bildirib ki,
Haqqıxlı Qaraqoyunlu mahalının cənub-qərbində, Karvansaray rayonunda, Ağstafa
çayının kənarında, Qazax-Dilican şose yolunun cənub-qərbində, Ağqayanın aşağı
hissəsində, magistral yoldan 4 kilometrlik məsafədə yerləşib. Onun sözlərinə
görə, Dilican dərəsinin ən gözəl və tarixi yaşayış məntəqəsi olan, Göyçənin
giriş qapısı sayılan bu kənddə 1988-ci il deportasiyasına qədər ancaq
azərbaycanlılar yaşayıblar.

Kəndin adının etimologiyasından danışan R.İsmayılov söyləyib ki, bəzi
mənbələrə görə, Haqqıxlı türk mənşəli haqqıx sözündən əmələ gəlib. Haqqıx
əsasən qırmızı rəngə çalan qiymətli bərk mineral, bəzək daşı anlamında
işlədilib. Haqqıxlı isə haqqıx daşı çox olan yer anlamını ifadə edib. Alimlərin
iddiasına görə, kəndin yuxarı hissəsində bəzəkli daşların çox olması
deyilənləri təsdiqləyir. Tədqiqatçılar ikinci bir nümunə kimi kəndin adının
toponim haqq sözündən əmələ gəlməsi fikrini irəli sürüblər. Guya ki,
haqqıxlılıların ulu babaları Xəlil ağa adlı bir zülmkara boyun əyməyərək
əvvəllər yaylaq kimi istifadə etdikləri bu ərazilərə gəlib, yurd-yuva salıb və
həmişə də özlərini haqlı, ədalətli sayaraq, “biz haqqıx” deyiblər. Həmin
insanların saldığı kənd də onların bu ifadəsinə uyğun olaraq “haqqın, ədalətin
tərəfdarları” anlamında Haqqıxlı adlanıb. Kənd yaxınlığındakı meşəlik ərazidə
tarixi yaşayış məskəninin, kilsələrin olması onu deməyə əsas verir ki, Haqqıxlı
Karvansarayın ən qədim yaşayış məntəqələrindən biridir.

Sumqayıt şəhər nümayəndəliyinin sədri ötən əsrdə Karvansaray rayonunda, o
cümlədən Haqqıxlıda ermənilərin törətdiyi vəhşiliklər barədə də danışıb. Deyib
ki, daşnaklar 1918-ci ildə Haqqıxlının 75 nəfər sakinini tövləyə salıb
yandırıblar. Sovet Ermənistanı dövründə isə azərbaycanlı kadrlar işlə təmin
olunmayıb, hər addımda ayrı-seçkiliyə məruz qalıblar. R.İsmayılov SSRİ dövründə
kəndin adının dəyişdirilərək Səməd Vurğun, Hovk qoyulmasına da diqqət çəkib.
Bildirib ki, Azərbaycanı ilk Xalq şairi Səməd Vurğun vaxtilə öz şeirlərində
Dilican dərəsini vəsf edib.

İcma rəhbəri Sumqayıt şəhər nümayəndəliyinin fəaliyyətinə də toxunub. Söyləyib
ki, Qərbi Azərbaycanın 26 rayonunun 200-dən çox kəndinin sakini 1988-ci il
deportasiyasından sonra məhz Sumqayıtda məskunlaşıb. Ötən bir il ərzində
soydaşlarımızla çoxsaylı görüşlər keçirilib, yüksək səviyyədə təşkilatlanma
işləri görülüb. İndiyə qədər nümayəndəlik 53 tədbir keçirib. R.İsmayılov
valideynlərinin Vətən həsrəti ilə dünyalarını dəyişməsini təəssüflə xatırladıb.
Qeyd edib ki, hazırda soydaşlarımız ata-baba yurdlarına qayıtmaq istəyirlər.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Qərbi Azərbaycan Xronikası: “Səməd Vurğun Dilican
dərəsini öz şeirlərində vəsf edib”
Qərbi Azərbaycan Xronikası: “Səməd Vurğun Dilican dərəsini öz şeirlərində vəsf
edib”

Source link