Qərbi Azərbaycan Xronikası: “Ulu öndər Heydər Əliyevin əmiləri soyqırımı
cinayətlərinə məruz qalıblar” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə
gedib.
Jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Milli Elmlər Akademiyasının
Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri,
tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov olub.
O, anadan olduğu Qafan şəhərindən, uşaqlıq və yeniyetməlik illərinin keçdiyi
Meğri rayonunun Aldərə kəndindən söhbət açıb.
Zaman-zaman ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı və
deportasiya siyasətinə diqqət çəkən tarixçi-alim 26 yaşlı əmisi İsgəndərin
daşnaklar tərəfindən öldürüldüyünü söyləyib. Bildirib ki, azərbaycanlıların
kütləvi qətliamı sadəcə 1918-ci ilin mart-aprel aylarında deyil, 1920-ci ilə
qədər Ermənistanda hakimiyyətdə olan daşnak hökuməti, eləcə də sonrakı illərdə
onların nasizm ideologiyası ilə zəhərlənən varisləri tərəfindən davam
etdirilib. Belə ki, əgər 1914-cü ildə Aldərə kəndində 1987 nəfər azərbaycanlı
yaşayıbsa, 1924-cü ildə onların sayı cəmi 426 nəfər təşkil edib. Bu kəndin
əzəli sakinlərinin bir qismi qətlə yetirilib, bir qismi isə ata-baba torpağını
tərk etmək məcburiyyətində qalıblar.
Alimin sözlərinə görə, ötən əsrin əvvəllərindən başlayaraq cərəyan edən
hadisələr nəticəsində təkcə Qafan rayonunun azərbaycanlılara məxsus 70-dən
artıq kəndi yer üzündən silinib. C.Bəhramov deyib ki, 1918-ci il qırğınlarında
erməni quldur dəstələri ümummilli lider Heydər Əliyevin anası İzzət Əliyevanın
atasını və qardaşlarını qəddarlıqla qətlə yetiriblər. Nijde və Andranikin
rəhbərlik etdiyi erməni quldurları ulu öndər Heydər Əliyevin atası Əlirza
Əliyevin qardaşlarını da soyqırımı cinayətlərinə məruz qoyublar.
Tarixçi-alim vurğulayıb ki, daşnak-nasist təbliğatının təsiri altında olan
ermənilər sovet hakimiyyəti illərində də azərbaycanlılara çox pis münasibət
göstəriblər. Onlar ümummilli lider Heydər Əliyevin yüksək vəzifələrə
təyinatına, SSRİ rəhbərliyində təmsil olunmasına, eləcə də digər
azərbaycanlıların mühüm postlar tutmasına dözümsüz yanaşıblar. Bütün bu
düşmənçiliyin, dözümsüzlüyün nəticəsi olaraq, 1988-ci ildə Qərbi Azərbaycanın
bütün rayonlarından soydaşlarımız deportasiya olunublar. Tarixçi-alim söyləyib
ki, 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Milli
Şurasının qəbul etdiyi qeyri-qanuni qərar Azərbaycan xalqına çox baha başa
gəlib. O, irqi və dini ayrı-seçkiliyin Azərbaycan xalqının xislətinə yad
olduğunu diqqətə çatdırıb.
Rəhbərlik etdiyi Qərbi Azərbaycan tarixi şöbəsinin fəaliyyətindən danışan
C.Bəhramov bildirib ki, mütəxəssislər, alimlər tərəfindən mənbələrə istinad
edilməklə Qərbi Azərbaycan tarixi yazılıb, soyqırımı xəritələri tərtib edilib,
bölgənin mahallar üzrə xəritələri hazırlanıb, tarixi torpaqlarımızda
ermənilərin dəyişdiyi yer adlarının əvvəlki adları bərpa olunub. Ermənistan
adlı bir qurumun hüquq nöqteyi-nəzərindən qeyri qanuni olduğunu dilə gətirən
alim vurğulayıb ki, ata-baba yurduna qayıtmaq Qərbi azərbaycanlıların təməl
hüququdur.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.
Daha ətraflı Baku TV-nin süjetində: