da550507-0bcb-4144-b069-6e320e348df8..jpg

Qərbi Azərbaycan Xronikası: “Urud Cənubi Qafqazın ən qədim yaşayış məskənlərindən biridir” – VİDEO

Baxış sayı: 578 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası: “Urud Cənubi Qafqazın ən qədim yaşayış
məskənlərindən biridir” – VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə
gedib.

Cixisyolu.com xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Milli
Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü,
şair-publisist Musa Quliyev (Urud) olub.

O, doğulub boya-başa çatdığı Qərbi Azərbaycanın Zəngəzur bölgəsindən, Sisyan
rayonunun Urud kəndindən söhbət açıb. Bildirib ki, Urud kəndi Cənubi Qafqazın
ən qədim yaşayış məskənlərindən biridir. Millət vəkilinin sözlərinə görə, bu
kənddə min ildən çox yaşı olan Alban-Türk qəbiristanlığı, Babək qalası,
Bazarçay üzərindəki qədimi körpü və digər maddi-mədəniyyət abidələri bu yurdun
tarixən türklərə məxsusluğunu, burada məskunlaşan əhalinin bizim əcdadlarımız
olduğunu ortaya qoyur. Urud kəndinin həsrətini, nisgilini daim ürəyində daşıyan
M.Quliyev ümummilli lider Heydər Əliyevin yeniyetməlik dövründə yay tətilini bu
kənddə keçirdiyini, yaşayış məntəqəsini hər zaman xoş xatirələrlə yad etdiyini
dilə gətirib. O, Urud kəndinin yetirdiyi şəxsiyyətlər barədə də məlumat verib.

2006-cı ildə İrəvanda keçirilən bir tədbir çərçivəsində imkan tapıb 18 illik
ayrılıqdan sonra doğma kəndində olan deputat M.Urud orada gördüklərindən çox
təsirləndiyini vurğulayıb: “Yurdu, torpağı Vətən edən orada yaşayan
insanlardır. Urudu tərk edəndən 18 il sonra yenidən öz kəndimizdə olmaq imkanı
yarandı. Tariximizin böyük bir dövrünü özündə yaşadan Urudda yenidən olmaq
mənim üçün böyük bir xoşbəxtlik idi. Amma kənddə olanda gördüklərim məni
kədərləndirdi. Ümumilikdə kəndi bir qəbiristanlıq, həyat eşqi, ruhu ölmüş bir
məkan, tərk edilmiş yaşayış məntəqəsi kimi gödüm. Evimizə, həyətimizə daxil
oldum, anamın və nənəmin məişətdə işlətdiyi, qoyub gəldiyimiz əşyaları gördüm.
Ermənilər demək olar ki, oraya əlavə heç nə gətirməyiblər. Pilləkənlərlə
evimizin ikinci mərtəbəsinə qalxdım, uşaqlıq və yeniyetməlik illərimdə, tələbə
kimi yay tətilində, eləcə də həkim işləyərkən qaldığım otağıma daxil oldum,
hisslər, duyğular məni cənginə aldı. Qonaq otağında nənəmin cehizliyi olan
xalça hələ də divardan asılı vəziyyətdə qalmışdı. Hazırda həmin evdə qalan
yaşlı erməniyə təklif etdim ki, nə qədər pul istəsən verim, bu xalçanı mənə
sat. Təəssüf ki, satmadı”.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasətindən
danışan M.Quliyev qeyd edib ki, ötən əsrin əvvəlində Andranikin quldur
dəstələri kəndləri talan edəndə babasının ailəsi məcburən Urudu tərk edib,
Azərbaycana pənah gətirib. Lakin Vətən həsrətində dözməyərək cəmi bir neçə il
sonra təkrar öz kəndinə qayıdıb. O, babasının yaşadığı qaçqınçılığı,
didərginliyi, yurd həsrətini 70 il sonra öz taleyində yaşadığını söyləyib.
Deyib ki, sovetlər dövründə Qərbi Azərbaycanda ermənilərin azərbaycanlılara
qarşı ayrı-seçkiliyini hər zaman hiss edib və görüb.

Millət vəkili vurğulayıb ki, 1988-ci ildə yenidən deportasiyaya məruz qalan
soydaşlarımıza ümummilli lider Heydər Əliyev siyasi hakimiyyəti dövründə daim
mənəvi dayaq olub. Hazırda Milli Məclisdə gəncəli seçiciləri təmsil etdiyini
xatırladan deputat bildirib ki, paytaxt Bakıdan sonra ölkəmizin ikinci şəhəri
sayılan Gəncədə böyük bir yaşayış məntəqəsi Yeni İrəvan adlanır. Deputatın
sözlərinə görə, bu yaşayış məntəqəsində Göyçədən, Zəngəzurdan, İrəvandan, eləcə
də Qərbi Azərbaycanın digər bölgələrindən müxtəlif illərdə deportasiyaya məruz
qalan soydaşlarımız məskunlaşıblar. M.Quliyev Qərbi Azərbaycan tarixini tədqiq
etməyin, öyrənməyin, gələcək nəsillərə çatdırmağın zəruriliyindən də danışıb.
Qeyd edib ki, Ermənistan Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edərək
sülh müqaviləsini imzalayandan sonra Qərbi Azərbaycana qayıtmaq an məsələsidir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:


Source link