8648fa86-4e46-49e7-b626-c25e5e4de65c.jpg

Qərbi Azərbaycan Xronikası: Vertolyotla xilas edilən dördaylıq körpənin tarixçəsi

Baxış sayı: 319 dəfə baxılıb.

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist
Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti
buraxılışı hazırlanıb.

“Məni anamdan ayıraraq vertolyota atıblar” adlı veriliş Pəmbək mahalının Böyük
Qarakilsə rayonunun Hallavar kənd sakini Famil İbrahimovun həyat hekayəsinə
həsr olunub.

1988-ci il iyulun 15-də dünyaya gələn F. İbrahimov tarixin ən ağrılı
səhifələrindən birinin canlı şahididir. Cəmi 4 aylığında deportasiyaya məruz
qalan bu körpə Qərbi Azərbaycandan didərgin salınan son nəslin nümayəndəsidir.

Faciəli hadisələr zamanı anasından ayrı düşən və xalalarının himayəsinə keçən
F. İbrahimov o dövrdə baş verənləri belə xatırlayır: “1988-ci ilin noyabrında
erməni təcavüzü nəticəsində Hallavar kəndinin sakinləri təxliyə edilməyə
başlayıb. Məni anamdan ayıraraq vertolyota atıblar. Xoşbəxtlikdən xalalarım
məni tapıblar. Onlar da vertolyotda olublar. Gülnarə xalamın özünün də 2
azyaşlı övladı var idi. Vertolyotda olan iki xalam məni himayələrinə
götürüblər. Biz Qazaxa gəldik, bir müddət sonra valideynlərim bizi tapıb”.

O, babası və nənəsindən eşitdiklərini belə nəql edir: “Hallavar kəndi,
Hallavar və Pəmbək çaylarının qovuşduğu yerdə yerləşirdi. Kəndin ətrafında
Qoşabulaq, Kəndirbaz, Arxaşan, Nədiralı kimi məşhur yaylaqlar var idi. Bizim
orada gözəl ərazilərimiz var idi, dağlıqla əhatə olunmuşdu. Çaylarımız var idi,
buz bulaqlarımız var idi. İnsanlar orada təsərrüfatla məşğul olurdular,
əkinçiliklə, maldarlıqla və beləcə öz həyatlarına davam edirdilər”.

Onun sözlərinə görə, Hallavar kəndində mövcud olan toponimlər və nəsil adları
bu torpaqların qədim türk yurdu olduğunu sübut edir: “Kənddə Talıblı, Boralı,
Aşıqlı, Məşədililər kimi böyük nəsillər yaşayırdı. Burada qədim alban
kilisələri, Miskin Abdal və Karadon ziyarətgahları kimi tarixi-dini abidələr
var idi. Hallavar qədim türk torpağı, azərbaycanlıların müqəddəs yurdudur.
Babamın, nənəmin pasportlarında yazılıb ki, onlar 1929 və 1934-cü illərdə
Hallavarda doğulublar. Mən 7 nəslimi saya bilərəm. Bu, sübut edir ki, ora
əcdadlarımızın yurdudur”.

Ata-baba yurduna qayıtmaq arzusu ilə yaşayan Hallavar sakini öz hisslərini
belə ifadə edir: “Övladımı Hallavarda böyütmək istəyirəm. Ən böyük istəyim odur
ki, nənəmin, babamın ziyarətgah hesab etdiyi öz doğma ata-baba yurdumuzu gedib
görüm, ulu babalarımın, nənələrimin qəbirlərini ziyarət edim, at çapılan
düzləri gəzim. İnanıram o gün uzaqda deyil”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan
azərbaycanlıların yaşadığı çətinlikləri, qaçqınlıq taleyini, eyni zamanda doğma
yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Qərbi Azərbaycan Xronikası: Vertolyotla xilas edilən
dördaylıq körpənin tarixçəsi
Qərbi Azərbaycan Xronikası: Vertolyotla xilas edilən dördaylıq körpənin
tarixçəsi

Source link