a4d9bb55-ec40-4ce8-9b5c-b8129b566c50..jpg

Qərbi Azərbaycan Xronikası: Yarısı azad olan, yarısı qərib qalan Şurnuxu kəndi – VİDEO

Baxış sayı: 742 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası: Yarısı azad olan, yarısı qərib qalan Şurnuxu kəndi
– VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Əlibəylinin təqdimatında Zəngəzur mahalının Gorus rayonunun
Şurnux kəndinin etnoqrafiyası haqqında xüsusi buraxılış hazırlanıb.

Verilişdə kəndin tarixi, abidələri, atət-ənənələri, mətbəxi, bayram ənənələri,
kənd təsərrüfatı və digər sahələrindən geniş söhbət açılıb.

Bildirilib ki, kənd Şurnuxu çayının sol sahilində, Gorus rayon mərkəzindən 17
kilometr cənub-şərqdə, Qafan-Gorus magistral yolunun kənarında, Ağbulaq,
Şamsız, Şahverdilər və Çayzəmi kəndlərinin yaxınlığında yerləşir. Toponim
Azərbaycan dilində “kiçik şəlalə” mənasında işlənən “çırnox” sözünün fonetik
forması olan “şumux”, “şırnıx” sözü əsasında əmələ gəlib. 1920-ci illərdə
Zəngəzurun Şurnux kəndində yalnız azərbaycanlılar yaşayıb. 1947-ci ildə
Ermənistanda yaşayan azərbaycanlılar, o cümlədən Şurnux sakinləri Kür-Araz
vadisinə yerləşdirilib. 1953-cü il Stalinin ölümündən sonra şurnuxlu türklər
kəndə qayıdıblar. 1979-cu ildə Şurnuxda 560 azərbaycanlı yaşayıb.

Vurğulanıb ki, Şurnux kəndi Gorus rayonunun ən böyük azərbaycanlı kəndi idi:

“1988-ci ildə kənddə 100 ev, 800-ə yaxın əhali var idi. Kənddə ən qədim
zamanlardan son illərə, yəni 1989-cu ilə qədər yalnız azərbaycanlılar yaşayıb.
Şurnux kəndinin ətrafında qədim kilsənin və qəbiristanlığın qalıqlarının, Kəpəz
dağı adlanan yerdəki pirin-ibadətgahın olması bu kəndin qədim tarixə malik
olduğunu göstərən faktlardır”.

Qeyd olunub ki, 1948-1952-ci illərin deportasiyası zamanı digər azərbaycanlı
kəndləri kimi, Şurnux camaatının da bir hissəsi köçüb Azərbaycana gəlib. Kənddə
müasirtipli məktəb binası, klub, kitabxana, tibb məntəqəsi, idarə binası,
mağaza, çoxlu ikimərtəbəli, hər cür şəraiti olan xüsusi evlər olub. 1988-ci il
noyabrın sonlarında rayonun bütün azərbaycanlı kəndləri, o cümlədən, Şurnux
kəndinin camaatı zorla deportasiya olunub.

O da diqqətə çatdırılıb ki, Şurnux kəndinin qərb hissəsi indi Qubadlı
rayonunun ərazisidir. Azərbaycanın Ermənistanla dövlət sərhədinin
delimitasiyası və demarkasiyası prosesi nəticəsində kəndin qərb hissəsi, 12
evdən ibarət ərazi Qubadlı rayonuna qaytarılıb. Həmin ərazi Birinci Qarabağ
savaşı dövründə işğal olunmuşdu.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.


Source link