bff3dcf9-82ee-462d-8eea-1f18d60f5249..jpg

“Qərbi Azərbaycana qayıdışımız üçün Ermənistanın məcburi icra edəcəyi mexanizmlər yaradılmalıdır” – FOTO

Baxış sayı: 794 dəfə baxılıb.

“Qərbi Azərbaycana qayıdışımız üçün Ermənistanın məcburi icra edəcəyi
mexanizmlər yaradılmalıdır” – FOTO

“Azərbaycan və Ermənistan arasında imzalanacaq mümkün sülh müqaviləsində Qərbi
azərbaycanlıların da öz torpaqlarına qayıtması məsələsi öhdəlik kimi
Ermənistanın üzərinə qoyulacaq və bundan sonrakı mərhələdə Qərbi
azərbaycanlıların Azərbaycanla maneəsiz nəqliyyat və digər kommunikasiyalarının
da təmin olunması təşkil ediləcək”.

Bu sözləri Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli Məclisin deputatı
Hikmət Babaoğlu “Report”a müsahibəsində deyib.

Onunla müsahibəni təqdim edirik:

– Qərbi Azərbaycan İcmasının formalaşdırılması prosesini sürətləndirən amillər
hansılardır? Bu prosesdə xarici faktorlar da rol oynayıb?

– Qərbi Azərbaycan İcması 1987-91-ci illərdə Qərbi Azərbaycandan məcburi
olaraq qovulmuş vətəndaşların yenidən təşkilatlanması hadisəsidir. Qərbi
Azərbaycan İcmasının formalaşmasını sürətləndirən amillər də Azərbaycanın
yaratdığı yeni tarixi reallıqlarla bağlıdır. Çünki 1987-91-ci illərdə təkcə 300
min Qərbi azərbaycanlı öz tarixi torpaqlarından didərgin düşməyib. Həmçinin
Azərbaycan torpaqlarının 20 faizinin Ermənistanın işğalı altına düşməsi ilə 1
milyona yaxın soydaşımız məcburi köçkünə çevrilib. Belə bir şəraitdə ilk
növbədə Azərbaycanın suverenliyini bərpa etməsi hər şeydən vacib milli məqsəd
idi.

2020-ci il Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra Azərbaycan öz
ərazi bütövlüyünü bərpa etdi və nəhayət, yalnız bundan sonra Qərbi
azərbaycanlıların da öz tarixi torpaqlarına qayıtması üçün şərtlər formalaşdı.
Ona görə də icmanın yenidən təşkilatlanması, Azərbaycan Qaçqınlar Cəmiyyətinin
bazasında yeni Qərbi Azərbaycan İcmasının yaradılması və bu prosesin
sürətlənməsi də hazırda regionumuzda Ermənistan Azərbaycan münasibətlərində baş
verən yeni keyfiyyət dəyişikliyi ilə bağlıdır. Hazırkı şərtlərdə bizim milli
maraqlarımızın bir qismi də qədim torpaqlarımıza azərbaycanlıların qayıtması və
orada hüquqlarının bərpa edilməsi tarixi ədalətin yerinə gətirilməsi ilə
əlaqədardır. Xarici faktorlara gəldikdə isə Azərbaycanın yaratdığı yeni
reallıqlar şübhəsiz ki, region ölkələri ilə münasibətdə də yeni keyfiyyət
dəyişikliyi yaradıb. Lakin bu faktor ikinci dərəcəli kimi səciyyələndirilə
bilər. Çünki Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaq arzuları
hər şeydən öncə beynəlxalq hüquqla onlara tanınan haqdır. Həmçinin bu, bizim
tarixi və mənəvi haqqımızdır. Ona görə də bəhs olunan hadisənin xarici
faktorlarla əlaqələndirilməsi bir o qədər də doğru olmaz. Bu, sadəcə tarixi
ədalətin bərpa olunması və beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi
kontekstində qiymətləndirilə biləcək bir məsələdir.

– İcma xarici əlaqələrin qurulması ilə bağlı planlar hazırlayıb? Azərbaycanın
haqlı mövqeyini müdafiə edən beynəlxalq təşkilatlarla (İƏT, TDT, Qoşulmama
Hərəkatı) əməkdaşlıq etməyi düşünürsünüzmü?

– Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri, rolu və nüfuzu kifayət
qədər böyükdür. Ona görə də ilk növbədə hələ işğal dövründə istər Qarabağdan
məcburi köçkün düşmüş azərbaycanlıların, istərsə də Qərbi Azərbaycandan qaçqın
olmuş vətəndaşların hüquqları ilə bağlı İslam Əməkdaşlıq Təşkilatına, Türk
Dövlətləri Təşkilatına və Qoşulmama Hərəkatına üzv olan dövlətlərin dəstəyi hər
zaman hiss olunub. Vətən müharibəsində, Azərbaycana qarşı qətnamələrin qəbul
olunması zamanı həmin təşkilatlara üzv dövlətlərin prinsipial mövqeyini gördük.
Bu baxımdan Azərbaycan Qərbi Azərbaycanda əcdadlarımızın qurub-yaratdığı
irsimizin dağıdılması ilə əlaqədar UNESCO, ISESCO-ya müraciət edəcək. Bu zaman
yenə ən böyük dəstəyi bu təşkilatlardan gözləyirik. Sonrakı mərhələdə isə daha
böyük beynəlxalq təşkilatlar, o cümlədən BMT müvafiq qurumları, İnsan
hüquqlarının qorunması ilə əlaqədar ixtisaslaşmış institutlarla əməkdaşlıq
qurulacaq.

– Sizcə, bu prosesi xaricilərə, beynəlxalq təşkilatlara necə izah etməliyik?

– Biz ilk növbədə beynəlxalq təşkilatların Qərbi Azərbaycan İcmasını tərəfdaş
kimi qəbul etməsinə nail olmalıyıq. Ondan sonra beynəlxalq hüquqi sənədlərə
istinad edərək məsələni beynəlxalq təşkilatlara izah edəcəyik. Sözsüz ki,
beynəlxalq təşkilatlara təqdim olunmalı çoxsaylı sənədlər var. 1948-53-cü
illərdə azərbaycanlıların Qərbi Azərbaycandan köçürülməsi ilə bağlı SSRİ
Nazirlər Sovetinin qəbul etdiyi qərar özlüyündə bir sənəddir. Öz tarixi
torpaqlarından deportasiya edilən, sonrakı mərhələdə əvvəllər yaşadıqları
yerlərə qayıtmaq hüququnu bərpa edən xalqlar var. Məsələn, çeçenlər, inquşlar,
Krım tatarları, Ahıska türkləri və s. Niyə həmin xalqlar sırasında qərbi
azərbaycanlılar da olmamalıdır? Bu istiqamətdə də Qərbi Azərbaycan İcması ciddi
hüquqi mübarizə aparmağa hazırlaşır.

– Torpaqlarımız Ermənistanın işğalı altında olanda bir çox ölkələr və
təşkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəkləyirdilər. Sizcə, onlar Qərbi
Azərbaycana qayıdış prosesinə də dəstək verəcəklərmi?

– Qərbi Azərbaycana qayıdışımız, tarixi ədalətin bərpa olunması, beynəlxalq
hüququn tələblərinin yerinə yetirilməsi məsələsində dost ölkələrin dəstəyinə
ehtiyacımız var. Bu günlərdə qardaş Türkiyənin Azərbaycandakı səfirinin Qərbi
Azərbaycan İcmasına gəlməsi özü bir dəstək idi. Düşünürəm ki, bundan sonrakı
mərhələdə biz ilk növbədə TDT-yə üzv dövlətlərin Azərbaycandakı səfirlərinin
icmaya gəlməsi, fikir mübadiləsi aparması kimi hadisələrin şahidi olacağıq.

– Bu prosesə başladıqdan sonra Qərbi azərbaycanlılardan hansı təkliflər
almısınız? Onların məsələyə münasibətləri necədir?

– 2022-ci il dekabr ayının 24-ü Qərbi Azərbaycan İcmasının, bütövlükdə
Azərbaycan xalqının tarixində yeni bir hadisə kimi yadda qaldı. Çünki
Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının bir qrup
nümayəndəsini qəbul edərkən icmanın fəaliyyəti ilə bağlı özünün konseptual
fikirlərini səsləndirdi. Bu fikirlər Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının
da əsaslarını təşkil edir. Qərbi Azərbaycana qayıdış təkcə Qərbi
azərbaycanlıların məsələsi deyil. Bütövlükdə Azərbaycan xalqının indiki
mərhələdə qarşısına qoyduğu mühüm məqsədlərdən biridir. Ona görə də bu məsələ
ümumxalq məsələsidir. Biz vaxtilə Qarabağa qayıtmaq üçün milli enerjimizin
bütün komponentlərini vahid məqsəd uğrunda səfərbər etdiyimiz kimi Qərbi
Azərbaycana qayıtmaq üçün də etməliyik. Qərbi azərbaycanlılar Vətən
müharibəsindən sonra ən azından işğaldan azad olunmuş ərazilərimizdə
məskunlaşdırılmaları ilə bağlı müxtəlif dövlət qurumlarına müraciət edirdilər.
Ancaq postmüharibə dövrünün ikinci ilində artıq yeni reallıqlar kontekstində
Qərbi Azərbaycana qayıdış da aktuallaşıb. Ona görə də Qərbi azərbaycanlılardan
çoxsaylı müraciətlər daxil olur. Nəzərə almaq lazımdır ki, 1987-1991-ci illər
elə də uzaq tarix deyil və yurd həsrəti ilə yaşamaq olduqca çətindir. Onlar
ömrünün qalan hissəsini öz torpaqlarında keçirmək istəyirlər və bu cür
insanların sayı kifayət qədərdir. Azərbaycan Prezidentinin Qərbi Azərbaycan
İcması ilə görüşündən sonra Qərbi azərbaycanlılarda tarixi yurdlarına
qayıtmaqla bağlı yeni ümidlər yaranıb. Şübhəsiz ki, Qayıdış Konsepsiyası təkcə
mənəviyyat deyil, həm də hüquq hadisəsidir. Bu baxımdan xarici əlaqələrin
qurulması vacibdir. Artıq qəbul olunmuş konsepsiyanın mühüm bir istiqaməti də
beynəlxalq təşkilatlarla, xarici ölkələrdəki insan hüquqları təşkilatları ilə
legitim tərəfdaş kimi əməkdaşlıq etmək icmanın fəaliyyət istiqamətlərindən
biridir. Bununla bağlı konseptual əsaslar hazırlanıb. Şübhəsiz ki, bu, yeni
konsepsiya əsasında hazırlanacaq fəaliyyət proqramında da öz əksini tapacaq.

– 1998-ci ilə qədər Qərbi Azərbaycandan didərgin salınaraq Azərbaycana pənah
gətirən azərbaycanlıların qaçqın statusu var idi. Lakin sonradan həmin status
ləğv olundu. Qərbi azərbaycanlılara yenidən qaçqın statusu verilə bilər?

– 1998-ci ildə Qərbi azərbaycanlılara verilən qaçqın statusu ləğv olundu və
onlar Azərbaycan vətəndaşları kimi artıq bütün vətəndaşlıq hüquqlarından
istifadə etməyə başladılar. Bu, Azərbaycan dövlətinin Qərbi azərbaycanlılara
diqqətinin və qayğısının göstəricisi idi. Hazırda isə icma tərəfindən hər-hansı
status gündəmə gətirilmir. Çünki artıq Qərbi azərbaycanlılar tamhüquqlu
Azərbaycan vətəndaşıdırlar. Qərbi Azərbaycan İcmasının istəyi tarixi
torpaqlarına qayıtması üçün Azərbaycan dövlətinin öz nüfuzundan və bütün
imkanlarından maksimum istifadə etməsi, eyni zamanda Qərbi Azərbaycanda
təhlükəsiz və ləyaqətlə yaşamaq hüquqlarının bərpa olunması ilə bağlı onlara
köməklik göstərilməsidir. Bu baxımdan hər hansı statusun bərpa olunmasından
söhbət gedə bilməz. Məqsəd tarixi statusumuzu bərpa etməkdir.

– İcma yerli strukturların yaradılmasını nəzərdə tutur?

– Müxtəlif tarixi mərhələlərdə Qərbi Azərbaycandan 1918-21, 1948-53,
1987-91-ci illərdə Azərbaycana gəlmiş Qərbi azərbaycanlılar Azərbaycanın
müxtəlif rayonlarında məskunlaşıblar. Onların kompakt yaşadığı rayonlarımız da
var. Ona görə də Qərbi Azərbaycan İcmasının yerli strukturlarının yaradılmasına
ehtiyac var. Hazırda təşkilatlanma prosesində olan icma gələcəkdə vahid sinxron
hərəkətetmə qabiliyyəti əldə etməlidir. Bu prosesdə istər Qərbi
azərbaycanlıların sayının dəqiqləşdirilməsi, istərsə də onların hüquqlarının
tələb olunması ilə bağlı mütləq yeni təşkilatlanma mərhələsi olmalıdır. Bu
zaman icmanın yerli strukturlarının yaradılması aktual vəzifə kimi önə çıxır.
Ona görə bəzi regionlarda strukturların yaradılması üçün fəal işlər aparılır.

– Sizcə, Qərbi azərbaycanlılar yəqin evlərindən gətirdikləri əşyaları bir gün
oraya qayıtmaq ümidi ilə saxlayırlarmı? İcmanın fəal üzvü kimi bu cür hallarla
rastlaşmısınız?

– Azərbaycan xalqı emosional xalqdır və əminəm ki, hər bir Qərbi azərbaycanlı
ailəsində öz evindən gətirdiyi hər hansı bir əşya, sənəd, hansısa yadigar və
bəlkə də evinin açarları var. Bu, bizim xalqa xas olan xüsusiyyətdir. Qarabağa
böyük qayıdış zamanı bu kimi hallara şahidlik etdiyimiz kimi, bilirəm ki, Qərbi
Azərbaycana qayıdış zamanı da bizim yerli televiziyalarımız bu cür görüntüləri
özündə əks etdirən müxtəlif süjetlər hazırlayacaqlar.

– Qərbi Azərbaycana qayıdış prosesini necə təsəvvür edirsiniz?

– Qərbi Azərbaycana qayıdış özlüyündə bir proses olacaq və şübhəsiz ki, bu
prosesin hər şeydən öncə hüquq təminatı olmalıdır. Bunun üçün beynəlxalq hüquqi
mexanizmlər yaradılmalıdır. Məhz buna görə konsepsiyada Qərbi Azərbaycandan
qovulmuş azərbaycanlıların Ermənistan dövlətinə etimadı olmadığından onların
kollektiv hüquqlarının qorunması üçün kompakt yaşadıqları ərazilərdə
təhlükəsizliyi təmin edəcək sülhməramlı missiya yerləşdirilməsi öz əksini
tapıb. Yəni Qərbi Azərbaycan İcmasının etimad və etibar etdiyi bir ölkənin
missiyası burada olmalıdır. Hazırda erməni icmasının müvəqqəti olaraq Rusiya
sülhməramlı missiyasının nəzarəti altında yaşadığı kimi Qərbi azərbaycanlıların
da etibar etdiyi ölkənin xüsusi missiyası tarixi torpaqlarımızda
yerləşdirilməli və onların fəaliyyət müddəti Qərbi azərbaycanlıların Ermənistan
cəmiyyətinə inteqrasiyasına qədər davam etməlidir. Ermənistan konstitusiyasının
Qərbi azərbaycanlılar üçün əlçatanlığı təmin olunmalıdır. Onların əmlak,
vətəndaşlıq hüquqlarının bərpa olunması prosesi uzunmüddətlidir. Ona görə
burada Ermənistan dövləti tərəfindən icrası məcburi olan hüquqi mexanizmlər
yaradılmalıdır. Eyni zamanda ümid edirik ki, Azərbaycan və Ermənistan arasında
imzalanacaq mümkün sülh müqaviləsində Qərbi azərbaycanlıların da öz
torpaqlarına qayıtması məsələsi öhdəlik kimi Ermənistanın üzərinə qoyulacaq və
bundan sonrakı mərhələdə Qərbi azərbaycanlıların Azərbaycanla maneəsiz
nəqliyyat və digər kommunikasiyalarının da təmin olunması təşkil ediləcək. Necə
ki bu gün Azərbaycan Qarabağda yaşayan erməni icmasına Ermənistanla maneəsiz
kommunikasiya imkanları yaradıb.

– Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının neçə faizi icra olunsa, Qərbi
azərbaycanlıların hüquqları bərpa olunmuş sayılar?

– Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ümumi konseptual sənəddir. Bu sənəd
Qərbi Azərbaycana qayıdışın prinsipini və yol xəritəsini təyin edir. Ona görə
də konsepsiya tam yerinə yetirilməlidir. Həmin konsepsiya əsasında Qərbi
Azərbaycana qayıdış proqramı hazırlanacaq və sözügedən proqram konkret olacaq.
Bu, uzunmüddətli, çətin və ağır prosesdir. Amma nəticə etibarı ilə Qərbi
azərbaycanlıların hüquqlarını bərpa etmək mümkün olacaq. Çünki bizim vaxtilə
orada evlərimiz, iş yerlərimiz olub.

Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının yanvarın 26-da
keçirilən iclasında Qayıdış Konsepsiyasının layihəsi təsdiq edilib. Qayıdış
Konsepsiyası əsas məramı indiki Ermənistan ərazisindən qovulmuş
azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə
qayıtmasını təmin etmək olan Qərbi Azərbaycan İcmasının bu sahədə fəaliyyətinin
əsas istiqamətlərini müəyyən edən sənəddir.

Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların
geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri,
prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir.
Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara
əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.

Source link