Rusiyanın Kazan şəhərində XVI BRICS sammiti keçirilir. “Ədalətli qlobal
inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi” şüarı altında
keçirilən tədbir birlik çərçivəsində birgə fəaliyyətin təşkili istiqamətində
mühüm əhəmiyyət daşıyır. Çünki artıq reallığa çevrilən BRICS dünyanın əksər
aparıcı və inkişaf etməkdə olan ölkələrinin diqqət mərkəzindədir. Bu da qurumun
perspektivdə nüfuzunun möhkəmlənəcəyindən, onun dünya işlərində, aktual, qlobal
və regional problemlərin həllində rolunun artacağından xəbər verir. Bəs BRICS-ə
üzvlük Azərbaycana nə vəd edir? Ümumiyyətlə, bu təşkilatın beynəlxalq aləmdə
yerini necə dəyərləndirmək olar?
Cixisyolu.com mövzunu araşdırıb.
Azərbaycanın regionda və artıq Avropada aparıcı iqtisadi aktora çevrilməsi
fonunda quruma üzvlük üçün müraciəti və buna müsbət yanaşılması ölkəmizin
BRICS-ə üzv ölkələr üçün nə qədər cəlbedici olduğunu deməyə əsas verir. Eyni
zamanda, üzv ölkələrin sürətli inkişafı və Azərbaycanla əməkdaşlıqlarını
şaxələndirməsi ölkəmizin dayanıqlı inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.
Bütün bunların fonunda BRICS-in qlobal miqyasda aparıcı təşkilata çevriləcəyi
şübhə doğurmur.
Qeyd edək ki, BRICS 2006-cı ildə yaradılıb və əsas etibarilə beş ölkəni –
Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasını özündə
birləşdirən iqtisadi təşkilatdır. BRICS kollektiv Qərbə alternativdir və
potensialına əsasən, onun gələcək illərdə iqtisadi baxımdan Qərbi tamamilə
geridə qoyacağı istisna edilmir. Dünya iqtisadiyyatının təxminən 30 faizi
BRICS-ə üzv olan ölkələrin payına düşür. Əsas məqam isə ondan ibarətdir ki,
BRICS ölkələrinin iqtisadi artımı G7 ölkələri ilə müqayisədə təxminən iki dəfə
daha yüksəkdir. Ona görə də BRICS hazırda “Böyük yeddilər”i həm nominal ümumi
daxili məhsula (ÜDM), həm də xüsusi alıcılıq qabiliyyəti göstəricilərinə görə
üstələyir. Nəzərə alsaq ki, BRICS ölkələrinin genişlənməsi prosesi 2024-cü ildə
də davam edir və bir sıra sürətlə inkişaf edən dövlətlər də təşkilata üzv
olmağa çalışırlar, bu da onu deməyə əsas verir ki, bu tendensiya BRICS
ölkələrinin xeyrinə daha da artacaq. Əbəs deyil ki, təşkilatın ilin sonuna
qədər dünya iqtisadiyyatındakı yerinin 36 faizdən çox olacağı gözlənilir.
Azərbaycan təşkilata üzv ölkələrdən Rusiya ilə çox sıx iqtisadi əlaqələrə
malikdir. Özü də bunun tarixi əsrlərlə ölçülür. Eyni zamanda, Azərbaycanın Çin
ilə də qarşılıqlı iqtisadi əlaqələri mövcuddur və bu ölkə ilə də öz iqtisadi
münasibətlərini daim inkişaf etdirmək marağındadır. Bundan əlavə, biz neftdən
əldə etdiyimiz gəlirləri nəqliyyat sektoruna yatırmışıq və nəticədə Azərbaycan
bu il çox mühüm bir logistik mərkəzə çevrilib. Biz həm şimal-cənub, həm də
şərq-qərb istiqamətində nəqliyyat dəhlizi rolunu həyata keçirməkdəyik və bu
sahədə də mövqeyimizi daha da inkişaf etdirmək, möhkəmləndirmək niyyətindəyik.
Üstəlik, BRICS-ə daxil olan ölkələrin Azərbaycanla həm münasibətləri yaxşı
səviyyədədir, həm də bəziləri coğrafi cəhətdən ölkəmizdə yaxındır. Yəni BRICS
Azərbaycanın strateji inkişaf istiqamətlərinə uyğundur. Eyni zamanda, bu
ölkələrin sürətlə inkişaf etməsi və Azərbaycanla əməkdaşlıqlarını
şaxələndirməsi ölkəmizin dayanıqlı inkişafı üçün də xüsusi əhəmiyyət kəsb edir.
Bu da əbəs yerə deyil. Çünki Azərbaycan multilateralizm (beynəlxalq xarici
iqtisadi əlaqələrin hər bir ölkənin bütün tərəfdaşlarla münasibətlərdə
imtiyazlardan istifadə etməsinə imkan verən mexanizmlərə əsaslanan təşkili –
red.) prinsipini əsas götürərək, çoxtərəfli diplomatiyanı həyata keçirir.
Qoşulmama Hərəkatına uğurlu sədrliyimizdən sonra ölkəmiz bu təşkilatda hələ də
aktiv və səmərəli fəaliyyət göstərir. Həmçinin, Azərbaycan, COP29-a ev
sahibliyi edən ölkə olaraq, dünya iqlim diplomatiyasını da aktiv şəkildə
formalaşdırır, Qlobal Cənub və Qlobal Şimal ilə dialoq aparır. Bu kontekstdə
həm də BRICS ölkələri ilə dialoq aparılır və əməkdaşlıq həyata keçirilir.
Milli Məclisin deputatı Arzuxan Əlizadə də hesab edir ki, Azərbaycan
çoxvektorlu siyasət yürüdür və bunun müsbət nəticələri göz önündədir:
“Biz 120-dən artıq dövlətin təmsil olunduğu və zamanında iki hərbi siyasi qütb
arasındakı qarşıdurmalara cəlb olunmamaq üçün yaradılmış Qoşulmama Hərəkatına
uzun müddət ərzində üzv olduq. Həmçinin, Qoşulmama Hərəkatına dörd il ərzində
uğurlu sədrlik həyata keçirdik və bu təşkilatda təmsilçiliyimiz orada təmsil
olunan dövlətlərlə ikitərəfli münasibətlərin formalaşmasına da əhəmiyyətli
təsir göstərdi. Eyni zamanda, Azərbaycan Türk Dövlətləri Təşkilatının da üzvü
və əsas aparıcı güclərindən biridir”.
“İndi isə BRICS sammitində iştirak, eləcə də təşkilata üzv olmaqla bağlı
müraciət olunması bu təşkilatda təmsil olunan dövlətlərlə də münasibətlərin bir
qədər də yaxınlaşmasına, əməkdaşlıq formatında ikitərəfli münasibətlərin
qurulmasına öz töhfəsini verir və gələcəkdə də verəcək”, – deyə deputat
vurğulayıb.
Müsahibimiz əlavə edib ki, zamanında iki qütbdən ibarət olan dünyada artıq
çoxqütblü nizam formalaşmaqdadır:
“Bu yeni dünya nizamında çoxvektorlu siyasət yürüdülməsi, beynəlxalq
təşkilatlarda təmsilçilik, dünya dövlətləri ilə münasibətlərin daha da
yaxşılaşdırılması Azərbaycanın güclü dövlət kimi formalaşıb dünyanın əsas
dövlətlərindən biri kimi siyasi spektrdə mövcudluğuna öz töhfəsini verir və
gələcəkdə də bu aparılan siyasət öz bəhrəsini bir qədər də bariz formada
göstərəcək”.
İqtisadçı ekspert Eldəniz Əmirov isə təşkilatın əsas beş ölkəsinin durumunu
ayrı-ayrılıqda qiymətləndirib:
“Braziliya il ərzində ölkəsini idxal məhsulları ilə təmin etmək üçün 240
milyard dollarlıq məhsul alır və bunun 48 milyard dollarını BRICS ölkələrindən
əldə edir:
“Yerdə qalan 80% idxalı gercəkləşdirmək üçün Braziliyaya hər il 192 milyard
dollar lazımdır. Rusiya isə il ərzində 280 milyard dollarlıq məhsul idxal edir
və bunun 15%-i BRICS-in payına düşür. Yerdə qalan idxal üçün Rusiyaya 238
milyard dollar lazım olur. İldə 700 milyard dollarlıq idxal edən Hindistan isə
bunun 10%-ni BRICS ölkələri ilə edir. Yerdə qalan 630 milyardını dollar
hesabına kənardan alır. Cənubi Afrika da bu məsələdə Hindistanla bənzər pay
nisbətinə sahibdir. İl ərzində iki trilyon dollarlıq idxal edən Çin bunun cəmi
5%-ni BRICS-dən edir. Yerdə qalan 95%-lik pay isə 1,9 trilyon dollar deməkdir”.
Müsahibimiz əlavə edib ki, uzunmüddətli dövr üçün BRICS valyutası özünü
doğrulda bilər:
“Amma bunun üçün əhəmiyyətli siyasi və iqtisadi əməkdaşlıq tələb olunur.
İqtisadi dünya nizamında dəyişikliklər baş verdikcə perspektivlər də dəyişə
bilər”.
Mərahim Nəsib