7e3dd486-e51f-4b15-8913-ba8328d5e88d.jpg

Qərbin ikili standartlarının daha bir təzahürü: Ermənistanı “gündəmə gətirmək” cəhdi

Baxış sayı: 135 dəfə baxılıb.

Noyabrın 1-də məlum oldu ki, Ermənistan 2026-cı ildə BMT-nin Biomüxtəliflik
Konvensiyası Tərəflərinin 17-ci konfransına (COP17) ev sahibliyi edəcək. Bu
barədə Konvensiya Katibliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Bu qərar Kolumbiyada keçirilən COP16-nın nəticələrinə əsasən qəbul edilib.
COP17 kifayət qədər əhəmiyyətli bir tədbirdir. Belə bir konfransın daxili
siyasətində sabitsizlik hökm sürən, Rusiya ilə Qərb arasında gərginliklərin
yaşandığı və müxtəlif qüvvələr tərəfindən təsirlərə məruz qalan Ermənistanda
keçirilməsi ciddi suallar doğurur. Necə oldu ki, dünya dövlətləri Ermənistana
bu cür etimad göstərdilər?

Ermənistanın namizədliyinin 65 səs topladığını sevinclə bildirməsinə
baxmayaraq, araşdırmalar göstərir ki, İrəvan bu şansı əsasən Aİ, xüsusilə
Fransa və Frankofoniya təşkilatının fəal dəstəyi ilə əldə edib. Bu, təsadüfi
deyil.

İlk növbədə, Qərb təxminən bir həftə sonra Azərbaycanda keçiriləcək BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) ev
sahibliyi ilə barışa bilmirlər və Azərbaycanın beynəlxalq nüfuzuna kölgə
salmağa çalışır.

Bundan başqa Azərbaycan qarşıdakı illərdə bir neçə böyük beynəlxalq tədbirə ev
sahibliyi edəcək, o cümlədən 2025-2026-cı illərdə Ümumdünya Şəhərsalma
Forumunun 13-cü sessiyası, 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatının XVI İslam
Sammiti və Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Bakıda təşkil olunacaq.
Beləliklə, Azərbaycan ard-arda beynəlxalq tədbirlərə ev sahibliyi edərək
regionda və dünyada əhəmiyyətini artırır. Bu isə bəzi Qərb dairələrində
narahatlıq yaradır və onların provokativ addımlarını təşviq edir.

Belə bir şəraitdə, Fransa kimi dövlətlər regionun “ən zəif bəndi” hesab edilən
Ermənistanı dəstəkləməklə onu gündəmə gətirmək üçün bütün imkanlardan istifadə
edirlər. Bu dəstək Ermənistanın yalnız informasiya və hərbi sahədə deyil,
diplomatiyada da özünü göstərir.

Maraqlıdır ki, Qərbin COP17 məsələsində Ermənistana dəstəyi, Gürcüstanda
sınaqdan uğursuz çıxandan sonra baş verir. Fransa və ABŞ Gürcüstandakı
parlament seçkilərinə müdaxilə edərək müxalifəti hakimiyyətə gətirmək istəsələr
də, bu baş tutmadı və Gürcü xalqı sabitliyə üstünlük verdi. Buna görə də, Qərb
bu dəfə COP17 vasitəsilə Ermənistana dəstək verməklə regionda nüfuz qazanmağa
çalışır.

Bu arada, Ermənistan mediasında yaranan eyforiyanı nəzərə alaraq, COP29 və
COP17-nin fərqli əhəmiyyətini vurğulamaq vacibdir. COP17 biomüxtəliflik və
ekosistemlərin qorunması ilə bağlı məsələləri əhatə edir, lakin COP29 daha
geniş miqyaslı bir tədbirdir. İqlim dəyişikliyinə qarşı qlobal mübarizənin
önündə gedən bu konfransda ölkələr karbon emissiyalarının azaldılması üzrə
öhdəlikləri, həssas ölkələrə maliyyə və dəstək mexanizmlərini müzakirə edir.

Fakt dəyişməz olaraq qalır: Fransa və Ermənistanın digər dəstəkçiləri onun
COP17-yə ev sahibliyi etməsi üçün resurslar ayırmağa davam edir. Gələcəkdə də
Ermənistana müxtəlif formalarda sərmayə yatırılacağı gözlənilir.

Diqqətçəkən bir sual ortaya çıxır: Nə üçün Qərb BMT-nin Azərbaycanda
keçiriləcək konfransını kölgə salmağa çalışırkən, eyni təşkilatın başqa bir
konfransının Ermənistanda uğurla təşkil olunması üçün bütün səyləri göstərir?
Bu, Qərbin ikili standartlarının növbəti nümunəsidir.

“Report” İnformasiya Agentliyi

Source link