a1ce52d9-285c-4df2-8c5b-2e3f35eedf53..jpg

Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? – ŞƏRH + FOTO

Baxış sayı: 620 dəfə baxılıb.

Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ildə 44 günlük müharibə Azərbaycanın şanlı qələbəsi ilə başa çatdıqdan
sonra həm ABŞ, həm də Avropa dövlətlərinin bir sıra rəsmiləri, qurumları
müxtəlif dövrlərdə açıqlama verərək, iki ölkə arasında sülhü dəstəklədiklərini
bəyan ediblər. Zaman-zaman səsləndirilən bu tip bəyanatların ardınca ikiüzlü
siyasət, ikili standartların üzə çıxması isə əslində, Cənubi Qafqazda sülhün
Qərbə lazım olmadığını üzə çıxarıb. Rəsmi Vaşinqton da, ABŞ rəsmiləri də sülhü
dəstəkləməklə bağlı bəyanatlarında səmimi olmadıqlarını növbəti hərəkətləri ilə
sübuta yetiriblər. Bu yaxınlarda məlum olub ki, 5 aprel tarixində Brüssel
şəhərində ABŞ, Aİ və Ermənistan arasında sammit keçiriləcək. Görüşdən əvvəl isə
boğazdan yuxarı bəyanatların səslənməsi, əslində, məqsədin tam başqa olmasına
dəlalət edir. Təsadüfi deyil ki, Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama
verərək, bu sammitin erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək
əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələrinin
yaratmasına səbəb olacağını bildirib. Azərbaycan diplomatiyası öncədən
xəbərdarlıq edərək, bundan sonra baş verəcək hadisələrdə Qərbin günahkar
olduğunu, eyni zamanda, oynanılan çirkin oyundan xəbərdar olduğunu bildirib.
Rusiya XİN də bənzər açıqlama verərək, Qərb dövlətlərinin Cənubi Qafqazda
çirkin maraqlarının olmasını, Ermənistanın isə bu oyunda alət olduğunu bildirib.

Əslində, belə bir konfransın keçirilməsi və açıq-aşkar dəstək mühitinin
formalaşdırılması bir daha onu sübut edir ki, Qərb rəsmilərinin sülhlə bağlı
bəyanatı ikiüzlülükdən başqa bir şey deyil. Çünki Bakı və İrəvan arasında
sülhün imzalanması, kommunikasiyaların açılması artıq tərəflərə ehtiyacın
qalmadığına dəlalət edəcək və Qərbin regionda təsir imkanları xeyli
zəifləyəcək. Bir müddət sonra isə Azərbaycan və Ermənistan arasındakı
münasibətlərdə vasitəçiyə belə ehtiyac qalmayacaq. Bu isə Vaşinqton və
Brüsselin regiondakı çirkin oyunlarının sona çatması sayıla bilər. Bu səbəbdən
də sülh danışıqlarını mümkün qədər ləngitmək, regiondakı gərginliyin davam
etməsini təmin etmək hazırda Qərbin əsas prioriteti sayıla bilər.

Son günlər Ermənistanın baş naziri Nikol Paşinyanın dörd kəndin Azərbaycana
qaytarılması ilə bağlı açıqlaması, erməni siyasi elitasının, məsələn, spiker
Alen Simonyan, Tavuş qubernatoru Ayk Qalumyan, Vətəndaş Sazişi Partiyasının
deputatı Ovik Ağazaryan, Tavuş vilayətinin deputatı Vahe Qalumyan kimi
şəxslərin sözügedən kəndlərin Azərbaycanın ərazisi olması ilə bağlı etirafları
da yəqin, Qərbin nəzərindən yayınmayıb. Çünki kəndlərin Azərbaycana
qaytarılması sülh danışıqları, delimitasiya və demarkasiya komissiyalarının
fəaliyyəti üçün müsbət addım sayıla bilər. Belə bir tendensiya isə Vaşinqton və
Brüsselin maraq dairəsində deyil. Ehtimal etmək olar ki, məhz elə bu səbəbdən
də sammitdən sonra sərhəddə gərginlik müşahidə edilə bilər və Ermənistanın
sülhü baltalamaq ritorikası güclənəcək. Paşinyan hökuməti ağalarından aldığı
sifarişi yerinə yetirmək üçün sülhdən yayınacaq.

Eyni zamanda, ehtimal edilir ki, 5 aprel tarixində Nikolun növbəti tapşırığı
Ermənistandakı Aİ müşahidə missiyası ilə bağlı olacaq. Çünki son dövrlər
müşahidəçilərin sayının artırılması fonunda növbəti mərhələdə onların silahlı
olması da siyasi kulislərdə gəzən söhbətlər arasındadır.

Qeyd etmək yerinə düşər ki, Aİ-yə üzv olmaq və NATO-ya qoşulmaq xülyası ilə
yaşayan erməni hakimiyyətinin xəyallarının suya düşməsi gün kimi aydındır.
Birincisi, Aİ-yə üzv olmaq üçün onillərdir növbədə gözləyən və standartlarını
artıran, bu məsələdə şansı Ermənistandan çox olan ölkələr olduğu halda,
İrəvanın bu ittifaqa qoşulması absurddur. Eyni zamanda, Paşinyanın arzularından
biri də ABŞ və müttəfiqlərinin erməni dövlətinə təhlükəsizlik təminatı
verməsidir. Amma artıq Birləşmiş Ştatların bəzi analitikləri bildiriblər ki,
ABŞ və onun müttəfiqləri Ermənistana NATO Müqaviləsinin 5-ci maddəsində nəzərdə
tutulan təhlükəsizlik təminatlarını verə bilməzlər və bunu siyasi cəhətdən də
istəmirlər.

Çünki rəsmi Vaşinqton Ermənistan məsələsində öz tərəfdaşları və müttəfiqləri
ilə əməkdaşlıq etməyi daha üstün tutur. Bu sıraya isə Fransa daxildir və
Yelisey sarayı erməni dövlətini öz proqramlarına daha çox cəlb etmək üçün
addımlar atır. Bu səbəbdən də ABŞ-nin İrəvanın təhlükəsizliyini təmin edəcəyini
düşünmək absurddur. Eyni zamanda, nə Fransa, nə də rəsmi Brüssel bu məsələdə
bir neçə silah müqaviləsi, təlimdən o yana keçəcək.

Bütün bunlar isə sübut edir ki, Ermənistan Cənubi Qafqazda vəziyyəti
gərginləşdirmək üçün əlindən gələni edir. Bu işdə isə Qərbdəki
himayədarlarından dəstək və təlimatlar alır. Əslində isə rəsmi İrəvan getdikcə
dalana dirənir. Paşinyan Avropanı dövlətinin təhlükəsizliyi üçün qarant saymağa
başlayıb. Bu isə Kremlin daha da qıcıqlanmasına səbəb olur. Təsadüfi deyil ki,
Rusiya XİN başçısı Sergey Lavrov məsələ ilə bağlı bir neçə açıqlama verib.
Nazir, eyni zamanda, Putinlə Paşinyan arasındakı söhbətlərin bəzi detallarını
da təqdim edib. Bu isə artıq ciddi mesajdır və növbəti mərhələdə bəzi söhbətlər
tam çılpaqlığı ilə cəmiyyətə ötürülə bilər. Bu isə erməni cəmiyyətində ciddi
çaxnaşmaya səbəb olacaq. Müxalifət isə bundan faydalanaraq, Paşinyanın
hakimiyyətinə son qoymaq üçün fəaliyyətini gücləndirə bilər.

“Report” İnformasiya Agentliyi

Source link