Qərbin İrəvanda yaratdığı xoş illüziyalar təhlükəli reallıqla sona çatacaq –
ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ-nin ardınca Avropa Komissiyası da arzuolunmaz Brüssel görüşü ilə bağlı
Azərbaycanı özlərinə məxsus şəkildə arxayın etmək üçün hərəkətə keçib.
Blinkenin ardnca, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen
Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək ABŞ-Aİ-Ermənistan üçtərəfli
görüşün təfərrüatlarını müzakirə edib.
Öz mövqelərini izah etməyə çalışan Fon der Lyayenin Bakı ilə məsləhətləşmələr
aparması Azərbaycanın və Prezidentİlham Əliyevin qlobal müstəvidə nüfuzunun və
çəkisinin göstəricisidir.
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) görüşlə bağlı bəyanat yayaraq
bildirib ki, Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq
şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına
əsaslanır. Həmçinin, qeyd olunub ki, sözügedən konfrans tam şəffaf şəkildə
keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox
ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans erməni
tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü
xətlər və dırnaqarası təsir dairələri yaradır.
Prezident İlham Əliyev həm ABŞ Dövlət katibi, həm də Avropa Komissiyasının
rəhbəri ilə apardığı danışıqlar zamanı öz mövqeyini qəti şəkildə bəyan edib və
regional inklüzivliyin vacibliyini vurğulayıb. Dövlət başçısının qənaətinə
görə, aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və
Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv
xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə
salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və
nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq.
Üçtərəfli görüşlə bağlı Rusiya və Türkiyə rəsmiləri də narahatlıqlarını ifadə
ediblər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ilk dəfə
İrəvanı açıq şəkildə milli maraqları satmaqda ittiham edib. “Ermənistan
hökuməti Rusiya və digər yaxın müttəfiqləri ilə münasibətlərini Avropa İttifaqı
və ABŞ-nin müvəqqəti bonusları naminə qurban verir. Ermənistanın Qərb ölkələri
ilə əlaqələri erməni xalqının maraqlarına xələl gətirir. Söhbət ondan gedir ki,
onlar bizə, tərəfdaşlarına və müttəfiqlərinə deyil, öz xalqlarına xəyanət
edirlər. Problem də məhz bundadır”, – o qeyd edib. Zaxarova, həmçinin
vurğulayıb ki, rəsmi İrəvan beynəlxalq aktorlarla müxtəlif formatlarda görüşlər
təşkil edərkən Vaşinqtonun ən yaxın müttəfiqlərini hara aparıb çıxardığını
yaddan çıxarmamalıdır.
Türkiyə Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda isə deyilir ki,
Ermənistan-Aİ-ABŞ üçtərəfli görüşü regiondakı mürəkkəb problemlərin həlli üçün
əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq. “Azərbaycanın
iştirakını nəzərdə tutumayan bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət
etməkdənsə, regionun geosiyasi qarşıdurma məkanına çevrilməsinə yol açacaq”, –
Türkiyə XİN qeyd edib. Rəsmi Ankara üçüncü ölkələri regionun parametrlərini
nəzərə almağa və münaqişə tərəflərinə bərabər məsafədən yanaşmağa çağırıb: “Biz
qəti şəkildə inanırıq ki, Cənubi Qafqaz davamlı sülh və sabitlik əsasında
çiçəklənəcək və regional rifaha nail olacaq. Həmişə olduğu kimi, Türkiyə bu
məsələdə öz üzərinə düşəni etməyə və Azərbaycanla Ermənistan arasında davamlı
sülhün təşviqinə davam edəcək”.
Görünən odur ki, bu görüşün regionda sülh və sabitlik üçün təhlükə olduğunu
yalnız Azərbaycan deyil, region ölkələri də qəbul edir. Region ölkələr
arasındahələlik susan yeganə ölkə İrandır. Halbuki indiyədək regiona kənar
qüvvələrin gətirilməsi məsələsində ən çox “qırmızı xəttdən” danışan məhz İran
idi.
Qərbin, xüsusilə Fransanın Cənubi Qafqaza dair tutduğu birtərəfli mövqe
Avropanın özündə də tənqid edilir. İtaliyanın Xarici İşlər və Beynəlxalq
Əməkdaşlıq Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, Azərbaycanla
Ermənistan arasında sülh prosesinə üçüncü tərəflərin müdaxiləsi əlavə gərginlik
yarada bilər. Açıqlamada Fransa tərəfinə sülh səylərinə maneə törədən
addımlardan çəkinməyə çağırış edilib. İtaliyanın xarici işlər və beynəlxalq
əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli fransalı həmkarı Stefan
Sejurnenin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı
bəyanatlarını tənqid edərək vurğulayıb ki, Azərbaycan-Ermənistan sülh
prosesində iştirak edən qurumlardan başqa qurumların nümayəndələrinin hər hansı
uzaqgörən bəyanatı gərginliyi daha da artıra bilər.
Bir sözlə, Aİ-Ermənistan-ABŞ müştərək konfransının birtərəfli və qərəzli
xarakter daşıdığı göz qabağındadır. Qərbin ikili standartları isə dünyanın hələ
heç bir ölkəsinə sülh və firavanlıq gətirməyib. Regionu risk altında qoymağa
çalışan bəzi dövlətlərin İrəvanda yaratdığı xoş illüziyalar təhlükəli reallıqla
sona çatacaq. İtirən isə yalnız Ermənistan olacaq. Davamlı sülh,
kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası əvəzinə Qərbin oyununa
getmək ölkəni yerlə-yeksan edəcək.
“Report” İnformasiya Agentliyi