558fd390-12e3-49b6-95d9-381d98a48c41.jpg

Qərbin pozuculuq cəhdlərinə baxmayaraq, Azərbaycan COP29-a uğurla ev sahibliyi edəcək

Baxış sayı: 158 dəfə baxılıb.

Qərb ölkələrinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransı (COP29) ilə bağlı mövqeyi riyakarlıqdır.

Bunu “Report”a açıqlamasında “X” sosial şəbəkə platformasında Azərbaycanda
keçiriləcək COP29 əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər
profillərin koordinasiyalı və kütləvi formada saxta hesablardan istifadə
etmələrinə dair faktlar haqqında danışan politoloq İlqar Vəlizadə deyib.

O, bəhs olunan bu tendensiyanı Qərbin anti-Azərbaycan kampaniyasının tərkib
hissəsi kimi qiymətləndirib:

“Zamanında Qərb dövlətləri COP29-un Azərbaycanda keçirilməsini dəstəkləyib və
bununla bağlı yekdil qərar qəbul edib. Əgər ev sahibi kimi Bakı seçilibsə,
deməli, Azərbaycana inanırlar, etimad göstərirlər. Belə olmasa idi, o zaman
Azərbaycanın namizədliyinə qarşı çıxardılar. Maraqlı və təəccüblüdür, Qərb
inandığı Azərbaycanın əleyhinə niyə davamlı qarayaxma kampaniyası aparır? Bu,
ikiüzlülüyün bariz nümunəsidir. Eyni halı biz əvvəllər də müşahidə etmişik.
Bəzi Qərb dövlətləri Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istədiklərini
desələr də, bu niyyətlərini əməldə göstərmirlər”.

İ.Vəlizadənin sözlərinə görə, qeyri-səmimi davranışları dünyada Qərbə olan
inamı əhəmiyyətli dərəcədə azaldıb:

“Qərbin belə ədalətsiz yanaşmaları dünyanın digər regionlarına münasibətdə də
tətbiq olunur. Azərbaycanı indi yenidən hədəfə alanlar bu fəaliyyətləri ilə
əslində, öz mahiyyətlərini nümayiş etdirirlər. Ancaq onların bu cəhdlərinin heç
bir nəticəsi ola bilməz. COP29-la əlaqədar Azərbaycan barəsində mənfi rəy
yaratmaq istəyənlərin niyyəti baş tutmayacaq. İstənilən halda Azərbaycan qlobal
əhəmiyyətli bu tədbirə uğurla ev sahibliyi edəcək və konfransda dünyanın iqlim
gündəliyi geniş müzakirə olunacaq”.

Xatırladaq ki, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı
komissiyası və Medianın İnkişafı Agentliyi (MEDİA) noyabrın 1-də birgə məlumat
yayıb. Məlumatda bildirilib ki, “X”də Azərbaycanda keçiriləcək COP29 əleyhinə
genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiyalı və
kütləvi formada saxta hesablardan istifadə etməsi faktları aşkarlanıb.

Qeyd olunub ki, saxta profillər #COP29 həştəqi altında eyni anda, eyniməzmunlu
avtomatlaşdırılmış cavablar yerləşdirərək bot sistemləri vasitəsilə məzmun
manipulyasiyası həyata keçirir və beləliklə də ictimai rəyi çaşdırmağa cəhd
göstərirlər.

Bildirilib ki, saxta məlumatlar əsasında təşkil olunmuş bu fəaliyyətlərin əsas
məqsədi COP29 ərəfəsində guya Azərbaycanın ev sahibliyi ilə bağlı kütləvi
narazılığın olması illüziyasını yaratmaqdır.

Source link