302aef7f-3ed8-4c14-a468-c9dd6c6843e4..jpg

Qərbin qiymət “tavanı” mexanizmi Rusiyanın neft-qaz gəlirlərinə necə təsir edib? – FOTO

Baxış sayı: 932 dəfə baxılıb.

Qərbin qiymət “tavanı” mexanizmi Rusiyanın neft-qaz gəlirlərinə necə təsir
edib? – FOTO

Ötən gündən Rusiyadan Avropa İttifaqına (Aİ) neft məhsullarının tədarükünə
embarqo və qiymət “tavanı” işləməyə başlayıb. Embarqo haqqında qərar hələ
2022-ci ilin iyununda qəbul edilsə də, qiymət limiti bu ayın əvvəlində
razılaşdırılıb. G7 ölkələri, Aİ və Avstraliya neft məhsulları üçün iki qiymət
tavanı müəyyən edib. Dizel və digər bahalı neft məhsulları üçün qiymət limiti
bir barel üçün 100 ABŞ dolları, daha ucuz neft məhsulları üçün 45 ABŞ dolları
təşkil edir. Buna kimi isə iki ay idi ki, dənizlə daşınan Rusiya neftinə qarşı
embarqo və qiymət “tavanı” (bir barel üçün 60 ABŞ dolları) qüvvədədir.

Neft-qaz gəlirləri kəskin azalıb

Avropa Rusiyanın neft məhsulları üçün mühüm tədarük bazarıdır. Ötən il
Rusiyadan xaricə sutkalıq 2,85 milyon barel neft məhsulları göndərilib ki,
bunun da 1,2 milyon bareli Aİ-nin payına düşüb. Dünəndən bu bazar əldən çıxıb
və əsas sual həmin həcmlərin bundan sonra kimə satılacağıdır. Neft
embarqosundan sonra Rusiya azad olan həcmlərin bir qismini Şərqə, ilk növbədə
Hindistan və Çinə yönləndirə bilib. Lakin bu zaman alıcılar böyük endirimlər
tələb ediblər. Baltik dənizindəki limanlardan bəzi neft partiyaları bir barel
üçün 37-42 ABŞ dollarına yola salınır. Hindistana neft satışı zamanı “Urals”
markalı neftin qiyməti bəzi hallarda maya dəyərindən də aşağı olub.

Rəsmi məlumata görə, 2022-ci ilin dekabrında “Urals” markalı Rusiya neftinin
orta qiyməti bir barel üçün 50,47 ABŞ dolları olub. Ötən ayda isə həmin
göstərici daha da azalaraq bir barel üçün 49,48 ABŞ dollarına düşüb. Bir il
əvvəlki göstəricilərlə müqayisədə dekabrdakı qiymət 1,44 dəfə, yanvardakı – 1,7
dəfə azalıb. Endirimlə bağlı vəziyyət elə kritik həddə çatıb ki, artıq ölkə
rəhbərliyinin də diqqətini çəkib. Prezident səviyyəsində neftin endirimlə
satılmasının büdcə üçün problemlər yaratmasının yolverilməz olduğu bəyan
edilib. Hətta Rusiyanın Energetika Nazirliyi vəziyyətə nəzarət mexanizmi kimi
endirimlərin müəyyən hədlə məhdudlaşdırılmasını nəzərdən keçirib.

Neftin daşınma xərci kəskin artıb

Problemlər tək qiymət dempinqi ilə məhdudlaşmır. Baxmayaraq ki, embarqo
ərəfəsində Rusiya intensiv şəkildə tanker alıb, onların sayı yenə də məhduddur.
Ona görə neft şirkətləri ixrac zamanı xarici daşıyıcıların xidmətlərindən
yararlanmalı olub. Daşıyıcılar isə öz növbəsində mümkün sanksiyaların hədəfinə
çevrilmək riski ilə əlaqədar olaraq Rusiya nefti ilə işləməyə həvəsli deyillər.
Belə olan halda neft şirkətləri həmin daşıyıcılara onlar üçün maksimal dərəcədə
sərfəli, özləri üçün isə əlverişsiz şərtlərlə təklif irəli sürməli olublar. Bu
isə fraxtın dəyərinin kəskin artması ilə müşayiət olunub.

Bütün bunlar sonda neft-qaz gəlirlərinin azalmasına gətirib çıxarıb. Rusiyanın
neft üçün qiymət “tavanı”ndan gündəlik itkiləri 172 milyon ABŞ dolları
səviyyəsində qiymətləndirilib. Ötən ay bu səbəbdən itkilər 8 milyard ABŞ
dolları təşkil edib. Bir il əvvəlki göstərici ilə müqayisədə neft-qaz gəlirləri
30% azalıb. Neft məhsullarına da qiymət “tavanı”nın tətbiqindən sonra bu
itkilərin sutkalıq 280 milyon ABŞ dollarına çatacağı gözlənilir. Məsələ
burasındadır ki, Qərbin almaq istəmədiyi neftdən fərqli olaraq neft
məhsullarının əhəmiyyətli hissəsinə Şərqdə alıcı tapmaq demək olar ki, mümkün
deyil.

Rusiyanın neft məhsulları Çin və Hindistana neft qədər maqlı deyil

Ən böyük alıcılar Çin və Hindistan özləri neft məhsulları istehsal edir.
Hindistan demək olar ki, “su qiyməti”nə Rusiyadan neft alıb, onu öz neft emalı
zavodlarında neft məhsullarına çevirib ABŞ bazarına və Aİ ölkələrinə satır.
Ötən ay Hindistandan ABŞ-yə gündəlik 89 min barel benzin və dizel yanacağı
yollanıb ki, bu da son 4 ilin maksimal göstəricisidir. Hesabat ayında Avropaya
gündəlik dizel yanacağı tədarükü 172 min barel olub. Bu, 2021-ci ildən bu yana
ən maksimal göstəricidir.

Hindistan Rusiyadan aldığı neft hesabına həm də öz ehtiyaclarının 85%-ni
ödəyir. Hindistan sanksiyalara qoşulmasa da, nefti böyük endirimlə aldığına
görə faktiki olaraq qiymət “tavanı”na əməl edir, digər tərəfdən isə ABŞ və
Avropanın simasında öz neft məhsulları üçün əhəmiyyətli tədarük bazarı əldə
edib. Embarqonun müəllifləri isə “bir güllə ilə iki quş” vurmuş olublar. Bir
tərəfdən Rusiyanın neft-qaz gəlirlərinin azalmasına nail olublar, digər
tərəfdən isə kontinentdə neft məhsulları çatışmazlığına, daha geniş mənada isə
qlobal enerji böhranına yol verməmiş olublar.

Zavodlar bağlana və ya istehsal kəskin azaldıla bilər

Mövcud reallıqlar çərçivəsində Rusiyanın seçimi çox məhduddur. Neft məhsulları
Yaxın Şərq və Afrikaya yönləndirilə bilər ki, burada da vəziyyət birmənalı
deyil. Neftlə olduğu kimi neft məhsullarının da bir bazardan digərinə
istiqamətlənməsi və orada pay alması qiymət dempinqi tələb edəcək. Neft
məhsulları üçün endirimlər neft üçün ediləndən qat-qat çox ola bilər.

Digər yol isə neft emalı zavodlarının bir hissəsinin bağlanması və ya
istehsalın əhəmiyyətli dərəcədə azaldılmasıdır. Rusiyanın bu yollardan hansını
seçəcəyini əminliklə demək mümkün olmasa da, bir şey gün kimi aydındır. Qiymət
“tavanı” mexanizmi işləyir. Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəni
maliyyələşdirmək imkanları hər keçən gün azalır və getdikcə bu proses daha da
sürətlənəcək.

Source link