Qəza törədən 21 yaşlı tələbəyə HÖKM OXUNDU
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ötən ilin yayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində idarə etdiyi
avtomobillə ağır qəza törədən 21 yaşlı tələbə Hüseynağa Xıdırov həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı açılmış cinayət işi üzrə
materiallara Qaradağ Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə bildirilib ki, Masallı rayon Ərkivan qəsəbə sakini, Bakı Biznes
Universitetinin 4-cü kurs tələbəsi Hüseynağa Xıdırov dərsdənkənar vaxtlarda
icarəyə götürdüyü və şəbəkələrdən birinə qoşulmuş “Toyota Prius” markalı
avtomobillə taksi fəaliyyəti göstərib.
O, avtomobillə “Sədərək” ticarət mərkəzi istiqamətində hərəkətdə olarkən yolu
keçən piyada Mehriban Musayevanı vurub. Nəticədə qadın hadisə yerində ölüb.
Mərhumun anası məhkəmədə bildirib ki, əri 2009-cu ildə vəfat edib və qızı
hadisədən bir neçə gün əvvəl “Meyvəli” ticarət mərkəzində işləməyə başlayıbmış.
O, sürücüyə ağır cəza verilməsini tələb edib.
Hüseynağa Xıdırov isə tələbə olmasını, ilk dəfə cinayət törətməsini əsas
gətirərək barəsində yüngül cəza verilməsini xahiş edib. O, mərhumun ailəsinə
dəymiş zərərə görə 5 min manat ödəyə biləcəyini deyib. Lakin qarşı tərəf bu
məbləği qəbul etməyib.
Qaradağ Rayon Məhkəməsinin 11 mart tarixli hökmü ilə H.Xıdırova 5 il 1 ay həbs
cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi ərzində polisin nəzarəti
altında olan gənc məhkəmə zalındaca həbs edilib. Onun cəzasının bitməsindən
sonra 2 il avtomobil idarə etmək hüququ da məhdudlaşdırılıb.