Qəza törədən qazi yenidən hakim qarşısında
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şəmkirdə yol qəzasında üç nəfərin ölümündə təqsirləndirilən Elməddin
Zeynalovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən kassasiya şikayəti
verilib.
Pravda.az xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək iclas dekabrın 6-na təyin
edilib. Kassasiya şikayəti hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan
məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə
müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə 16 noyabr 2021-ci il tarixdə saat 12 radələrində
Gədəbəy-Şəmkir avtomobil yolunun Şəmkirin Qasımallar kəndindən keçən hissəsində
qeydə alınıb. Belə ki, Elməddin Zeynalovun idarə etdiyi “Mercedes” markalı
avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq, Sənan Allahverdiyevin
idarə etdiyi VAZ-2106 markalı avtomobillə toqquşub. Bu zaman VAZ-2106 markalı
maşın Bayram Gözəlovun idarə etdiyi VAZ-2107 markalı avtomobilə çırpılıb.
Nəticədə VAZ-2107-nin sürücüsü Bayram Gözəlov, onun sərnişinləri – həyat
yoldaşı Gəncalə Əliyeva və qadının qardaşı qızı Aliyə Əliyeva hadisə yerində
dünyalarını dəyişiblər.
Bayram Gözəlovun övladları – Yasin və Hüseyn Gözəlovlar və digər sərnişin,
onun qayınanası Hicran Əliyeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Eyni zamanda, “Mercedes”in sürücüsü Elməddin Zeynalov və VAZ-2106-nın sürücüsü
Sənan Allahverdiyev də xəsarət alıblar.
Daha sonra Elməddin Zeynalov
məsuliyyətə cəlb edilib. Gədəbəy rayon sakini, 1998-ci il təvəllüdlü Elməddin
Zeynalov məhkəmədə elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O,
ifadəsində deyib ki, II Qarabağ müharibəsində iştirak edib və qaziliyi təsdiq
olunub. Təqsirləndirilən şəxs müharibədə iştirak edən zaman baş nahiyəsindən
travma aldığını, yaddaşında, gözündə problemlər, həmçinin belində yırtıq
yarandığını söyləyib. Bildirib ki, onun hər iki gözündə görmə zəifliyi,
həmçinin qulağında ağır eşitmə olub və müharibə vaxtı həmin xəsarətləri alıb.