43843f08-729e-42bd-8e73-a0db0237e133..jpg

Qəzet və saytlar üçün mühüm YENİLİK: “Xərclərə əsaslı surətdə təsir edəcək” – RƏY + FOTO

Baxış sayı: 856 dəfə baxılıb.

Qəzet və saytlar üçün mühüm YENİLİK: “Xərclərə əsaslı surətdə təsir edəcək” –
RƏY + FOTO

Azərbaycanda qəzetlərə və saytlara verilən maddi yardımlar 3 il müddətinə bir
neçə vergidən azad olunur.

Bu, Prezident İlham Əliyevin martın 31-də təsdiqlədiyi Vergi Məcəlləsinə
dəyişiklikdə əksini tapıb.

Məqsəd medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini
stimullaşdırmaqdır.

Bildirilir ki, media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və
(və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi
şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən
reklam gəlirləri gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş
vergidən azad edilir.

Dəyişikliyə görə, media subyektləri tərəfindən istehsal olunan media
məhsullarının təqdim edilməsi də əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Qeyd edək ki, bu dəyişikliklərin tətbiqi 2023-cü ilin 1 yanvar tarixindən
sonrakı 3 il dövrü əhatə edəcək.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz
MəhərrəmovCixisyolu.com-a deyib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin bərqərar
edilməsinə nail olmaq ali niyyət kimi konstitusion formada müəyyən edilib.

Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin bərqərar olunması, habelə
bütövlükdə qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğu
prosesində də müstəqil medianın mövcudluğu ən vacib şərtlərdən biridir.

“Media subyektlərinin müstəqilliyinin ilk şərti isə heç şübhəsiz ki, iqtisadi
azadlıqdır. Cənab Prezident “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında”
qanunu imzalamaqla media subyektlərinin iqtisadi müstəqilliyinə çox mühüm töhfə
vermiş oldu”,-deyə deputat əlavə edib.

O, daha sonra əlavə edib:

“Düzdür, qanunlar Milli Məclisdə qəbul olunur, amma bu normativ hüquqi aktın
təşəbbüskarı da cənab İlham Əliyev idi və layihə parlamentə qanunvericilik
təşəbbüsü qaydasında məhz dövlət başçımızın imzası ilə daxil olmuşdu.
Beləliklə, qanunun imzalanması ilə media subyektləri tərəfindən istehsal olunan
media məhsullarının təqdim edilməsi əlavə dəyər verigisindən azad olundu.
Həmçinin Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan
qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə media fəaliyyəti ilə
bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi də ƏDV-dən
azad olunacaq ki, bu da həmin iş və xidmətlərə görə xərclərə əsaslı surətdə
təsir edəcək”.

Bildirək ki, dəyişikliklər audiovisual media subyektərini əhatə etmir. Deputat
bunun səbəbini izah edib.

“İlk olaraq ona görə ki, audiovizual medianın bu gün tam olmasa da, nisbi
oturuşmuş reklam bazarı var. Cari qanunun əhatə dairəsində olan digər media
subyektləri ilə müqayisədə audiovizual medianın iqtisadi durumu daha
ürəkaçandır. Lakin əlbəttə, audiovizual media subyektləri də həmişə dövlətin
diqqətindədir və ehtiyac hasil olarsa, onlar üçün də bu və ya digər formada
dəstək davam etdirilə bilər. Yəni dövlət üzərinə düşəni edir və bundan sonra da
edəcək. Ancaq unutmayaq ki, bizim əsas məqsədimiz tam müstəqil iqtisadi
imkanlara malik media ekosistemi qurmaqdır. Bunun üçün isə bildiyiniz kimi,
bazar münasibətləri əsasında, azad sahibkarlığa təminat verməklə, media biznes
sektorunda heç bir formada inhisarçılığa və haqsız rəqabətə yol verməməyi
konstitusion hədəf kimi müəyyən etmişik”, – Bəhruz Məhərrəmov fikrini
yekunlaşdırıb.

Source link