Qəzza bölgəsində cümə namazından sonra fələstinlilər İsrail sərhədinə kütləvi yürüş edib.
ÇıxışYolu.Com BBC-yə istinadən xəbər verir ki, bölgədə qanlı toqquşmalar yaşanıb.
Qəzzanın səhiyyə nazirliyi İsrail hərbçilərinin açdığı atəş nəticəsində üç nəfərin həlak olduğunu bildirir. Bundan başqa 300-dən çox fələstinli güllə yarası və gözyaşardıcı qazdan zəhərlənmə ilə müxtəlif xəstəxanalara yerləşdirilib.
İsrail ordusu kütləvi etiraz aksiyasını iğtişaşlar kimi qələmə verib və əsgərlərin özünü-müdafiə məqsədi ilə atəş açdığını bildirib.
Toqquşmalarda 10 minə yaxın insan iştirak edib.
Qeyd edək ki, fələstinlilər “Böyük qayıdış” yürüşü çərçivəsində ardıcıl beşinci həftədir ki, İsrail sərhədində etiraz aksiyası keçirir. Etirazçılar fələstinli qaçqınların öz doğma torpaqlarına buraxılmalarını tələb edir.