Rusiyanın Orenburq şəhərində polis şöbəsində ölən 28 yaşlı qız peşəkar boksçu olub.
Bu barədə “Moskovsky Komsomolets” qəzeti istintaq orqanlarındakı mənbəyə istinadla məlumat verib.
Onun sözlərinə görə, idmançı qız sevgilisini döydüyü üçün polis idarəsinə aparılıb. Belə ki, mübahisə əsnasında oğlan nokauta düşdükdən sonra xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları ailə münaqişəsi ilə bağlı çağırışa gəldikdən sonra qızı tutublar.
Qızla əlaqədar “sağlamlığa yüngül zərər vurma” maddəsi ilə cinayət yoxlaması başlanır. Lakin polis şöbəsində onun halı pisləşir, çağırılan təcili yardım onu xilas edə bilmir.
Münaqişə zamanı cütlüyün sərxoş olduqları bildirilir.
İstintaq Komitəsinin regional idarəsi, polisdə məhbusun ölümü ilə bağlı məlumatı təsdiqləyib. Hadisə ilə bağlı yoxlamalar aparılır.
Şöbə, qızın ölümünün qeyri-cinayət xarakteri daşıdığını bildirib. Bununla belə, ölümün dəqiq səbəbi daha sonra müəyyənləşdiriləcək.