Qadın futbol hakimi: Xanımları idmanda görəndə “vau” etmirlər – MÜSAHİBƏ

Qadın futbol hakimi: Xanımları idmanda görəndə “vau” etmirlər – MÜSAHİBƏ

Baxış sayı: 2. 529 dəfə baxılıb.

“Zəriflər” rubrikamızın növbəti qonağı Sevda Nuriyevadır. Hazırda futbol hakimi olan Nuriyeva vaxtilə qadın millimizin qapıçısı olub. Onun əvvəllər karate ilə də məşğul olduğunu nəzərə alıb, Nuriyevadan müsahibə götürmək qərarına gəldik.

Beləliklə, ÇıxışYolu.Com Sevda Nuriyeva ilə müsahibəni təqdim edir:

– Hakimlikdən əvvəl futbolçu olduğunuzu bilirik. Necə oldu ki, futbolçu olmağa qərar verdiniz?

– Futboldan əvvəl, uşaq olanda karate ilə məşğul olurdum. Qonşuluğumda Qırxlarova Aygün adlı qız vardı. O, “Gömrükçü” klubunun futbolçusu idi. Mən də o vaxtlar bədən tərbiyəsi dərslərində oğlanlarla futbol oynayırdım.

O, bir dəfə mənə “Gömrükçü”də oynamağı təklif etdi. Mən də orada ilk məşqimə çıxdım, bəyənildim. Onda məşqçimiz Nadir müəllim idi, o, futbola davam etməyimi istədi. Karateni atıb futbolla məşğul olmağa başladım.

– Karateyə maraq haradan idi?

– Ailəm məni bu idman növünə yazdırmışdı. Onlar mənim peşəkar idmançı olmağımı istəyirdi.

– “Gömrükçü”dən sonra hansı komandalarda çıxış etmisiniz?

– Altı il “Gömrükçü”də çıxış etmişəm. Sumqayıtın “Səbuhi”, Bakının “Star Şamaxı” klublarında oynamışam. Sonra əsas milliyə çağırıldım. Sonuncu klubum isə Rusiyanın Starı Oskol şəhərini təmsil edən “Olimp” komandası olub.

– Rusiya klubuna keçidiniz necə baş tutmuşdu?

– 2010-cu ildə Azərbaycanda qadın futbolu dağıldı. Bundan sonra yeniyetmə və gəncləri əsas milliyə cəlb etməyə başladılar. Azərbaycanın bəzi qadın futbol klubları fəaliyyətini dayandırdı. Mən də klubsuz qalmamaq üçün Rusiyaya getdim. Orada təxminən bir mövsüm çıxış etdim. Əvvəl zədə aldığım və əməliyyat olunduğum dizimdən zədə aldım. Bununla da futbolla vidalaşdım.

– Hakimliyə necə keçdiniz?

– “Gömrükçü”də komanda yoldaşım Xəyalə Əzizzadə hər dəfə mən fərdi şəkildə məşq edəndə deyirdi ki, gəl hakimliyə. Futboldan sonra başqa idman növünə keçmək çətin olur. Mən də yenidən futbolun içində olmağı istəyirdim. Beləcə, hakimliyə gəldim.

– Adətən, futbolçular karyeralarını bitirdikdən sonra məşqçiliyə başlayırlar. Yəqin, qadın məşqçi olmağın az perspektivli olduğunu düşünmüsünüz…

– Yox, mənim məşqçilik üzrə C lisenziyam var. Amma üstünlüyü hakimliyə verirəm. Bəlkə də, nə vaxtsa məşqçilik haqda da düşünərəm. Hazırda bütün diqqətimi hakimliyə yönəltmişəm.

– Niyə baş hakim yox, laynsman olmağa qərar verdiniz? Bəlkə, baş hakimlərin daha çox azarkeşlər tərəfindən söyüşə məruz qalmasına görə bu addımı atmısınız?..

– Xeyr, bunun ona heç bir aidiyyəti yoxdur. Sadəcə, özümü yan xətt hakimi kimi daha yaxşı görürəm. Ona görə də yan xətt hakimi olmağı seçdim.

– Valideynləriniz sizi karateyə yazdırmışdı. Ancaq sonradan futbol hakimi oldunuz. Onlar bundan narazı qalmadılar?

– Xeyr. Buna görə ailəmə təşəkkür edirəm. Onlar mənə hər zaman dəstək olublar. İndi də dəstək verirlər.

– Ailədə sizdən başqa, idmanla məşğul olan varmı?

– Yox. Təkcə mən idmanı seçmişəm. Dörd bacıyıq. Onlardan biri müəllim, biri tibb bacısıdır. Ailənin üçüncü qızıyam.

– Özünüzə kumir seçdiyiniz qadın hakim varmı?

– Mən futbol oynayanda çox qadın hakim yox idi. Hazırda isə onların sayı çoxdur. Yaxşı haldır ki, qadın çempionatlarının oyunlarını ancaq qadın hakimlər idarə edir.

– Qadınların Yüksək Liqasında hakimlik edirsiniz. Kişilərin çempionatında çıxış etmək üçün nə lazımdır?

– Mən hələ I dərəcəli hakiməm. Kişilərin çempionatında hakimlik etməyim üçün hələ çox məşq etməyim, çox oyunlar idarə etməyim lazımdır. Bunun üçün hələ çox tezdir. Hələ 30 yaşım var. Amma onların çempionatında hakimlik etməyi çox istəyirəm.

– Futbol oynadığınız vaxt hakimlərlə aranız necə olub?

– Futbol oynadığım vaxt özüm də hakimə etiraz edən olmuşam. Ən çox etiraz edənlərdən biri mən idim. Ancaq indi qaydaları bilirəm. İndiki futbolçular hakimə etiraz edəndə isə onları başa düşürəm. Onu da bilirəm ki, o vaxt mən etiraz etməklə səhv edirdim (gülür).

– Cəmiyyətdə bəzən qadınların maşın sürməyi belə birmənalı qarşılanmır. Sizin hakimlik etməyiniz necə qarşılanır?

– Artıq xanımların idmanda yer alması normal qarşılanır. Artıq keçmişdəki kimi xanımları idmanda görəndə “vau” etmirlər. Əksinə, bizi dəstəkləyirlər. Bu, xoş haldır. Amma futbol oynadığım vaxtlarda qadınların bu idman növü ilə məşğul olmasına yaxşı yanaşmayanlar vardı. İndi isə belə halla qarşılaşmıram.

– İndi qadın futbolunda əsas millimiz yoxdur. Amma gələcəkdə U-21 millimiz əsas komanda ola bilər. Bu komandada isə çoxlu sayda İspaniya, Türkiyə, Almaniyadan futbolçular var. Yəqin ki, millimizin oyunlarını izləyirsiniz. Sizcə, onlar qadın futbolu üçün orta səviyyədə də olsa, uğur qazana bilər?

– Qadın futbolu bizdə indi-indi inkişaf edir. Həmin legionerlərə ehtiyac olub deyə, onları gətiriblər. Qadın futbolu bizdə mərhələ-mərhələ inkişaf edir. İndi valideynlər də qızlarına dəstək olur. Gəlib onların məşqlərini izləyirlər.

– Sizdə idmanla məşğul olmayan digər qızlardan fərqli cəhətlər varmı?

– İdmançı olmaq o demək deyil ki, sən oğlan kimi olacaqsan, saçların qısa olacaq, seriallara baxmayacaqsan, ancaq futbola və ya boksa baxacaqsan. Yox! Mən yenə də özümü qız kimi – zərif hiss edirəm.

Seriala da baxıram, yemək də bişirirəm, qab da yuyuram, ev də yığışdırıram. Əlbəttə ki, bununla bərabər, məşqlərimə də gedirəm.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com