Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir.
ÇıxışYolu.Com xəbər verir ki, qadın güləşçilərimiz yarış gününü bir qızıl və iki bürünc medalla başa vurub.
Komandamızın lideri Mariya Stadnik (50 kq) finalda Rumıniya idmançısı Emilia Vuçla qarşılaşıb. Əvvəlki üç görüşündə 10:0 hesabı ilə qalib gəlmiş ukraynalı legionerimiz bu dəfə də eyni hesabla rəqibindən üstün olub. Ona bunun üçün cəmi 32 saniyə kifayət edib və Avropa çempionatında növbəti qızıl medalını qazanıb. Buna qədər Stadnik altı dəfə Avropa çempionatının və I Avropa Oyunlarının qalibi olub.
59 kq çəkidə yarışan Tatyana Omelçenko bürünc medal görüşündə Belarus idmançısı Katerina Yanuşkeviçə 12:2 hesabı ilə qalib gələrək çempionatın bürünc medalını qazanıb. 76 kq çəki dərəcəsində mübarizə aparan Səbirə Əliyeva isə bürünc medal görüşündə ukraynalı İrina Pasiçnyuka 6:3 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, sabah Azərbaycanı təmsil edən qadın legionerlərdən 57 kq çəki dərəcəsində Alyona Kolesnik bürünc görüşünə çıxacaq. Elis Manolova (65 kq) isə finlandiyalı Petra Oli ilə final görüşündə qızıl medal üçün güləşəcək. Final görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
S.T.
www.ÇıxışYolu.Com