Qadın sərnişinlərə əxlaqsız təkliflər edən taksi şirkətlərinin 10 sürücüsü
saxlanılıb – VİDEO
Qadın sərnişinlərlə qeyri-etik formada davranan və əxlaqsız təkliflər edən
taksi şirkətlərinin 10 sürücüsü saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, paytaxt ərazisində taksi şirkətlərinin bəzi sürücülərinin xanım
sərnişinlərlə qeyri-etik formada davranmaları, eləcə də əxlaqsız təklif
etmələri barədə daxil olan məlumatlar əsasında Bakı Şəhər Baş Polis İdarəsi,
Nəsimi, Binəqədi, Qaradağ, Sabunçu, Nizami, Yasamal və Xətai Rayon Polis
İdarələrində silsilə əməliyyatlar həyata keçirilib. Nəticədə qeyd olunan
əməlləri törədən həmin şirkətlərin sürücüləri – Əlibala Məmmədli, Xəyal
Quliyev, Hafiz Rəcəbli, Kamil Abbasov, Abdulağa Mustafayev, İlkin Həkimov,
Elçin Abdullayev, Timur Hacıyev, Həsən İsmayılov və Xəyal Atakişiyev müəyyən
edilərək saxlanılıblar. Araşdırmalar zamanı bu sürücülərdən bir neçəsinin taksi
fəaliyyəti ilə məşğul olan zaman narkotik vasitələrdən istifadə etdikləri də
müəyyən olunub.
Qeyd edilən hüquqpozmalara yol vermiş 10 sürücü barəsində İnzibati Xətalar
Məcəlləsinin müvafiq maddələri ilə inzibati tənbeh tədbirləri görülüb və
toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.