Qadın voleybolçulardan ibarət millimiz Bolqarıstan yığmasına məğlub oldu

Baxış sayı: 2. 261 dəfə baxılıb.

Qadın voleybolçulardan ibarət millimiz Bolqarıstan yığmasına məğlub oldu

Sentyabrın 1-də qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi Avropa çempionatında növbəti oyununu keçirib.

Çempionatın səkkizdəbir final mərhələsində millimiz Bolqarıstan yığması ilə qarşılaşıb. Görüş rəqib komandanın 3:0 (25:12, 25:16, 25:23) hesablı qələbəsi ilə başa çatıb.

Dörddəbir finalda Bolqarıstan yığması Serbiya seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma sentyabrın 4-də təşkil olunacaq.

Turnirdə mübarizəni dayandıran millimiz çempionatın qrup mərhələsində Xorvatiya, Estoniyanı 3:2, Macarıstan və Rumıniyanı 3:0 hesabı ilə məğlub edib, Hollandiya seçməsinə isə uduzub – 0:3. Azərbaycan millisi 10 xalla qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib.

Azərbaycan millisinin heyətində Yana Əzimova, Kristina Yaqubova, Şəfaqət Alışanova, Ayşən Abduləzimova, Olena Həsənova, Kseniya Pavlenko, Mariya Kirilyuk, Anastasiya Qurbanova, Odina Əliyeva, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Polina Rəhimova, Marqarita Əzizova və Bəyaz Əliyeva yer alıblar.

Millimiz Avropa çempionatlarında 2005-ci ildə debüt edib. Xorvatiyada təşkil olunan qitə birinciliyində Azərbaycan millisi dördüncü olub. Səkkizinci dəfə Avropa birinciliyində gücünü sınayan yığmamız öncəki çempionatlarda mükafatçılar sırasına düşə bilməyib.

Qadınların yarışında final matçı Türkiyədə, kişilərin mübarizəsində isə həlledici qarşılaşma Fransada təşkil olunacaq.

Xatırladaq ki, iki il əvvəl Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıb.

Çempionata sentyabrın 8-də yekun vurulacaq.