Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Elvin İsmayılovun barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə başa çatıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, E.İsmayılova bəraət verilməsi ilə bağlı şikayət təmin edilməyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. İsmayılov üç il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Elvin İsmayılov tanışı olan Əfsanə Məmmədovanı (ad və soyad şərti verilib – red.) şantaj edərək pul tələb edib. O, Əfsanə ilə sosial şəbəkədə tanış olub və daha sonra onun qadınla isti münasibəti yaranıb. Onlar bir-birinə intim şəkillərini göndəriblər.
Bir neçə aydan sonra Elvin İsmayılov Əfsanəni şantaj edərək, onu intim şəkillərini sosial şəbəkədə yayacağı, biabir edəcəyi ilə hədələyib.
Elvin İsmayılov bu şəkilləri yaymamaq üçün Əfsanədən 10 min manat pul tələb edib. Daha sonra Əfsanə Məmmədova hüquq-mühafizə orqanlarına müraciət edib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı Elvin İsmayılov həbs edilib.