Qadını yeddi il əvvəl öldürərək basdıran şəxsin atası və tanışına da hökm
oxundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ağsu Rayon Məhkəməsində qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti
gizlətmədə təqsirləndirilən Bilal Vəliyev və Arif Manafovun cinayət işi üzrə
məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Babək Qasımovun sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə
əlaqədar onlara cəza təyin edilməyib. Təqsirləndirilən şəxslər barəsində
seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni
qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri
kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində
2017-ci il yanvar ayının 28-də Ağsu şəhər sakini Ayşən Qəhrəmanovanın naməlum
şəxs tərəfindən öldürülməsi ilə əlaqədar 5 il sonra Ağsu şəhər sakinləri –
Bilal Vəliyev, Asif Manafov və atası Arif Manafov şübhəli şəxs qismində
saxlanılıblar.
İstintaqla müəyyən edilib ki, Asif Manafov münaqişə zəminində sevgilisi Ayşən
Qəhrəmanovanı şəhər ərazisindəki qəbiristanlıqda bıçaqla öldürüb, sonradan
atası Arif və tanışı Bilalın köməyi ilə meyiti Kürdəmir rayonunun Kəngərli
kəndi ərazisində basdırıb.
Qeyd olunan əraziyə baxış zamanı Ayşən Qəhrəmanovanın cəsədinin qalıqları və
geyim əşyaları aşkar edilərək götürülüb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asif Manafov 13 il müddətinə
azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkum
apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Bilal Vəliyev və Arif Manafovun cinayəti ayrıca icraata ayrılıb və onların
barəsində Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır
cinayəti gizlətmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Bilal Vəliyev məhkəmə iclasında elan edilmiş ittihamda özünü
tam təqsirli bilib. O qeyd edib ki, Ağsu şəhəri Mənzil istismar sahəsində fəhlə
işləyir.