ÇıxışYolu.Com-ın suallarını ginekoloq Kamran Nağıyev cavablandırıb:
– Kamran həkim, necə oldu ki, ginekoloq oldunuz? Çünki, Azərbaycanda uzun zaman ginekologiya qadın sahəsi hesab olunub. Sizin bu sahəni seçməyiniz nəylə bağlıdır?
– Mama-ginekologiya çox ağır bir sahədir. Firkimcə, əksinə bu sahə ilə kişilər məşğul olmalıdır. Biz həkimlərin gecəsi, gündüzü, bayramı, istirahət günü olmur.
Hər an xəstəxanaya getməyə hazır olmalıyıq. Açığı deyim ki, mən stereotiplərdən uzaq adamam. Ginekeloq olmağa qərar verəndə sizin dediyiniz o məsələlər qətiyyən mənim seçimimə və fikrimə təsir etmədi. Araşdırsanız görəcəksiniz ki, Azərbaycanda həmişə kişi ginekoloqları olub və onlara böyük təlabat var.
– Azərbaycanda qadınların əksəriyyəti kişi ginekoloquna müraciət etməkdən çəkinir. Elə qadın olur ki, “ölərəm, amma kişi ginekoloqa getmərəm” kimi fikirlər səsləndirir, yaxud da həyat yoldaşları icazə vermir. Sizcə, bütün bunun kökündə hansı problemlər dayanır?
– Əksəriyyəti deməzdim. Çünki bu gün Bakıda fəaliyyət göstərən klinikalarda kişi ginekoloq həkimlər fəaliyyət göstərir və onların yetərincə pasiyenti var. Əlbəttə ki, belə düşünənlər var və kişi ginekoloqa müraciət etməkdən çəkinirlər. Səbəb bizim mentalitetlə bağlıdır. Hər kəsin seçiminə, fikrinə hörmətlə yanaşıram.
Pasiyentlər üçün önəmli olan həkimə güvənidir. Hamilə xanımlar isə pasiyentlər arasında xüsusi yer tutur ki, onlara həssas yanaşmaq tələb olunur.
– Bu peşəni seçən zaman düşündünüzmü ki, Azərbaycanda kişi ginekoloqa müraciət edən xanımlar az ola bilər və istədiyiniz uğuru qazana bilməzsiniz?
– Bu sahəni seçən zaman bu cür düşüncələri fikrimə belə gətirmədim. Çünki işinin mütəxəssisi olan peşəkara həmişə tələbat olur.
– Həkim, deyirlər qadınları anlamaq çox çətindir. Bunu qadının iki: estrogen və progesteron hormonların olması ilə əlaqəndirirlər. Sizcə, tibbi cəhətdən həqiqətənmi qadınları anlamaq çətindir?
– İnsanları cinsiyyətinə görə dəyərləndirməyi doğru hesab etmirəm. Hər bir insan individualdır və xüsusi yanaşma tələb edir. Sadəcə qadınlarda hər ay hormonal fondakı dəyişikliklər əhval ruhiyyəyə təsir edir. Aybaşı tskili zamanı estrogen və progesteron hormonlarının qanda səviyyəsi dəyişir.
Estrogen gözəllik və cavanlıq hormonu da adlandırılır. Onun qandakı ən çox olduğu vaxt ovulyasiya günlərinə düşür. Bu zaman qadının əhvalı digər günlərə nisbətən daha yaxşı ola bilir. Progesteron isə tam əks effekt verir. Bu da normal haldır.
– Hər hansı üsullarla (qrafik əsasında və s.) ananın dünyaya oğlan və ya qız gətirməsi mümkündürmü? Bunun bir elmi əsası varmı?
– Bu suallarla bağlı bizə tez-tez müraciət olunur. Deyə bilərəm ki, gələcək körpənin cinsiyyətini müəyyən etməklə bağlı 100 faizlik heç bir üsul yoxdur. Sadəcə ehtimal oluna bilər. Xalq arasında müəyyən üsullar, yanaşmalar var.
Ancaq istərdim, oxucular, gənc ailələr bilsinlər ki, uşağın cinsiyyətini müəyyən edən xromosom spermotozoiddən, yəni atadan asılıdır. Hesab edilir ki, Y xromosomunu daşıyan spermotozoid daha yüngüldür. Yumurta hüceyrəni daha tez mayalandırır, amma ömrü qısadır. Cinsiyyəti dəqiq seçmək yalnız süni mayalanma zamanı mümkündür. O da bir çox ölkələrdə qanunla qadağandır.
– Qeysəriyyə əməliyyatına münasibətiniz necədir? Təbii doğuşla qeysəriyyə doğuşunun ana və körpəyə hansı ziyanı və faydası var?
– Bu çox geniş mövzudur. Qısaca deyim ki, təbii doğuş həm ana, həm də uşaq üçün daha faydalıdır. Qeysəriyyə əməliyyatı yalnız həkimin göstərişi ilə icra olunmalıdır. Amma təbii doğuş mümkün olmadıqda analar özlərini çox stresə salmamalıdırlar.
Ananın ya da uşağın həyatına və sağlamlığına təhlükə varsa, qeysəriyyə yolu ilə uşağı götürmək olar. Buna görə də pasiyentlər həkimlərə tam güvənməli və bu qərarı onlara həvalə etməlidir.
– Həkim, oxuduğumuz məlumata görə, siz, həyat yoldaşınızın da həkimi olmusuz və iki övladınızın dünyaya gəlməsi üçün özünüz əməliyyat etmisiniz. Həmin vaxt hansı hissləri keçirdiniz? İkinci övladınızın dünyaya gəlməsində artıq birinci övladınızdan təcrübə vardı, yoxsa yenə ilk övladdakı kimi hisslər keçirdiniz?
– Bilirsiniz bizim işimiz elədir ki, yalnız sevindirici şeylər yaşanmır. Təbii ki, müəyyən patologiyası olan uşaqlarla, hamiləliyin sona çatdıra bilməyən qadınlarla da qarşılaşırıq. Ona görə də hər iki qızımın dünyaya gəlməsində önəmli olan şey həyat yoldaşımın və övladımın sağlamlığı idi. Doğuş əməliyyatına girən zaman bu müddət 40 dəqiqəyə kimi başa çatır.
Amma qızım dünyaya gələn zaman bu prosses bir saat yarım çəkdi. Həyacanlı an idi. Uşağı çıxaran zaman ona baxdım və keçirdiyim sevinci, həyacanı izah etmək mümkün deyil. Bizim işimiz elədir ki, uşağı ana bətnindən çıxardıqdan sonra pediatra təhvil veririk və onlar uşağı yoxlayır. Amma övladlarım dünyaya gələndə hər şeylə özün maraqlandım. Uşağı pediatra təhvil verdikdən sonra dəfələrlə soruşurdum ki, uşaq necədir? Deyə bilərəm ki, ilk qızım dünyaya gələndə əməliyyatdan 24 saat sonra özümə gələ bilmişdim.
Adətən, uşaqlar dünyaya gəldikdə ilk anası ilə tanış olur, amma bizdə fərqli oldu. Övladlarım ilə ilk tanış olan və qucağına alan mən oldum. Fikrimcə, onuncu övladım da olsa, eyni həyacan və sevinci yaşayacam.
– Bəzən deyirlər ki, ilk uşağı abort etdirdinsə, sonra sonsuzluq yaranır. Bu fikir nə dərəcədə düzdür?
– Bu məsələ abortun icrasından, hamiləliyin hansı həftədə olmasından asılıdır. Yəni, sonsuzluq neçənci abort olunmadan asılı deyil. Təbii ki, hamiləliyin ilk həftələrində abortun icra olunması daha az travmatik olacaq.
– Qadında şiddətli menstruasiya sancıları olan zaman deyirlər “bir uşağın olsa, sancıların keçəcək”. Bunun səbəbinin elmi izahı varmı?
– Menstruasiya ağrılarının səbəbləri müxtəlifdir. Bunların hamısı doğuşdan sonra bərpa oluna bilməz. Səbəblərdən biri aybaşı zamanı uşaqlıq boyunun açılmasının qadına ağrı verməsidir. Normal doğumdan sonra bu ağrılar kəsilə bilər.
– Bizim ölkədə kişilərin doğuşda iştirak etməsi az halda rast gəlinir. Doğuşda atanın iştirakı olmalıdırmı?
– Dünya təcrübəsində kişinin doğuşda iştirak etməsi müsbət qarşılanır. Burada bir çox faktor nəzərə alınmalıdır. Ən vacibi valideynlərin psixoloji vəziyyətidir.
Düzdür, mənim pasiyentlərim arasında partnyor doğuşlar olub, amma mənimlə məsləhətləşən zaman məsləhət görmürəm. Fikrimcə, bizim ölkədə bu özünü doğrultmur.
– Sizin sahənizdə ən çox problemlər nələrdir?
– Ən böyük problem həkimlərə inamın olmamasıdır. Bəzən pasiyentlərin gözlərində qorxu və güvənsizlik görürəm. Onlar həkimin işini idarə etməyə çalışırlar. Onlarla mütəmadi olaraq söhbət etdikdən sonra bu qorxu keçir.
– Hamilə xanımların etdikləri səhvlər nələrdir?
– Hamilə xanımların səhvi az maye qəbulu, pəhriz gözləməmələri, az hərəkətdə olmalarıdır.
Eyni zamanda, bəzi hamilələrin həkim müayinəsinə vaxtında getməmələri və ilk həftədən qeysəriyyə qərarının verilməsi və ultrasəs müayinələrdən qaçılması da buraya aiddir.
– Mama-ginekoloq dedikdə insanların ağıla gələn ilk gələn söz-doğuş və qeysəriyyədir. Həqiqətən də belədirmi?
– Əlbəttə belə deyil. Ginekologiya böyük sahədir. Burada çoxsaylı cərrahi əməliyyatlar icra olunur. Bunları icra edə bilməyən həkim doğuşu qəbul qəbul edə bilməz. Məsələn, hər bir doğuşun uşaqlıq atoniyası kimi bir ağırlaşma ola bilir. Əgər, proses geridonen olmazsa, təcili cərrahi əməliyyata alıb uşaqlıq ekstirpasiyasi icra olunmalıdır. Bu həyati təhlükəli bir haldır və xəstəni qanaxmadan itirə bilərik. Bundan başqa uşaqlıqdan kənar hamiləliklər, yumurtalıq kistləri, uşaqlıq sallanmaları, miomalar və qadın cinsiyyət orqanlarının müxtəlif törəmələri, plastik əməliyyatlar və s.
İlhamə Əbülfət
www.ÇıxışYolu.Com