Şuşa-Ağdam magistral yolu ilə irəlilədikcə, 1993-cü ildə işğal edilən Ağdamın
simasındakı faciə izləri aydın görünür. İşğaldan sonra xarici nəşrlər buranı
əbəs yerə “Qafqazın Hirosiması”, “Ruhlar şəhəri” adlandırmayıblar.
2020-ci ilin noyabrında – işğaldan azad ediləndən sonra rayonda minadan
təmizləmə və kütləvi quruculuq işlərinə başlanıb. Ağdam-Əsgəran-Xocalı-Xankəndi
avtomobil yolunun yenidən qurulması işləri də bu layihələrdən biridir…
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Ağdamın yeni həyatı
“Əsgəranın ərazisi bitən kimi Ağdamın ərazisi başlayır. Bu ərazi Qarağacı
qəbiristanlığından başlayır. Orada bir neçə tarixi qəbir, türbələr olub. Bütün
Ağdam şəhərinin və bitişik kəndlərin əhalisi o qəbiristanlıqda dəfn edilib”, –
deyə səfər yoldaşımız, “Ağdam və mən” telelayihəsinin müəllifi Səadət Məmmədova
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Şuşada təşkil etdiyi “İdeoloji
mübarizədə din amili: mediadan gözləntilər” adlı seminar iştirakçılarının
Ağdama səfərləri zamanı məlumat verir.
“Şiddətli döyüşlər vaxtı tarixi qəbiristanlıq birbaşa təmas xətti olduğuna
görə orada heç kəs əzizini dəfn edə bilmirdi. Təxminən 60 hektar ərazisi olan
qəbiristanlıqdan bahalı mərmər daşları ermənilər yığıb aparıb. Köhnə, ucuz
başdaşları isə yerindədir. Artıq insanlar xeyli məzarı tapıb üstündə
qohum-əqrəbalarının kimliyini, doğum və ölüm tarixlərini yazıblar. O cümlədən,
mənim atam, nənəm, atamın nənəsi və babası da bu qəbiristanlıqda dəfn olunub…”
S.Məmmədova Şelli kəndinə gedən yolu göstərir: “Baxın, Mantar dağını çapıblar,
oradan çıxan daşdan və əhəngdən Ağdamın quruculuğunda istifadə edilir…”
İrəlilədikcə, “Ağdam” portveyni kimi məşhur olan “Şampan zavodu”nun binasının
dağıntıları, Əhmədavar kəndinin ərazisində tarixi Qarabağ memarlığını özündə
əks etdirən, şərti olaraq “bəy evləri” deyilən bir neçə böyük evin və
ermənilərin viran qoyduğu digər evlərin yanından ötürük.
Ağdam Dram Teatrının tağlarının arxasından 1 nömrəli məktəbin və uşaq
bağçasının tikintiləri görünür. Prezidentin Xüsusi Nümayəndəliyinin müvəqqəti
düşərgəsinin, Konqres binasının və Ağdam hotelinin yaxınlığından keçib Cümə
Məscidinə çatırıq…
Pənahəli xanın mülkü
Yolumuz yenicə ziyarətçilərə açılan Ağdam İmarət Kompleksinədir. Sentyabrın
19-da Prezident İlham Əliyev bərpadan sonra kompleksin açılışını edib.
Xan nəslinin ilk mülklərindən olan bu tarixi-memarlıq abidəsi XVIII əsrdə
tikilib. Saray dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıdığından “Pənahəli xanın
imarəti” adlandırılıb. Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qəbirüstü
türbəsi, həmçinin xanın qızı, görkəmli şair Xurşidbanu Natəvanın məzarı İmarət
kompleksində yerləşib. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli
şəxslər buradakı qəbiristanlıqda dəfn ediliblər.
Ağdam şəhəri işğal edildikdən sonra digər tarixi-mədəni və dini abidələr kimi
Pənahəli xanın imarəti də ermənilər tərəfindən vandalizmə məruz qalıb.
İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də
dağıdılıb.
“Mənim babam 1927-ci ildə bu məhəllədə doğulub. O, bizə İmarətin əvvəlki
formasının necə olduğunu danışmayıb, bu barədə daha çox bibilərimdən
eşitmişəm”, – deyə S.Məmmədova davam edir: “İmarətin əsasının Pənahəli xan
tərəfindən qoyulduğu deyilir. İkinci günbəzin ortasında əzəmətli kişi
skeletinin Pənah xanın olması ehtimal edilir. Amma Pənah xanın orda və ya
Kərbəlada basdırılması xəbəri tam təsdiqini tapmayıb. Birinci günbəzdə dəfn
olunan Mehdiqulu xan Vəfadır – bu dəqiqləşib. Mehdiqulu xanın sümükləri ilə
tutuşdurulması, xüsusən də Pənah xanın skeletinin orda olub-olmadığını müəyyən
edə bilmək üçün sərdabə tipli qəbirlərin hamısından DNT nümunələri götürülüb.
İmarətdə üzərində 1321-ci il yazılan qəbir görmüşük. Daha qədim qəbirləri
tapmaq üçün arxeoloji tədqiqatlar aparılanda iki metr dərinlikdə qazıntılar
həyata keçirilib və skeletlər görünüb.
Hazırda kafe kimi fəaliyyət göstərən yerdən çıxan 19 qəbri köçürülmə qəbir adı
ilə qıraq tərəfdə, hasarın yanında basdırıblar. Bu da bir daha sübut edir ki,
bu ərazi qədim yaşayış məskəni və qəbiristanlıq ərazisidir”.
Jurnalist danışır ki, çəkilişlər zamanı İmarətin dağıdılmış vəziyyətinin
şahidi olub: “Bərpadan sonra Ağdamın ərazisindən toplanan müəyyən dövrə aid
tarixi abidələri Tarix Diyarşünaslıq Muzeyində yığmışdılar. Onların bəziləri
itib-batıb, bəzilərini tağlı otağın qabağında yumru dairənin içinə yığıblar.
İşğaldan azad olunandan sonra ilk vaxtlar İmarətə getdiyimiz zaman oradakı
otaqlarda peyin gördük, divarın dibində pəyə düzəltmişdilər. Natəvanın heykəli
sındırılmışdı. Otaqlardan birində erməni ailə yaşayıb. Qadın dırnaq lakı, uşaq
əmziyi, çöldə vanna və s. əşyalar vardı, təsərrüfatla məşğul olunmuşdu. Qəbir
daşlarının hamısı dağıdılmışdı. Ermənilər bəzi qəbir daşlarını divara
hörmüşdülər”.
İmarətin zaman-zaman bərpası
“1951-ci ildə İmarət həm də “Qarabağ” futbol klubuna stadion olaraq ayrılıb.
1969-70-ci illərdə İmarətin bərpasına başlasalar da, bərpa işləri yarımçıq
qalıb. Sadiq Murtuzayev rayonun partiya komitəsinin katibi olduğu illərdə
Ağdamın intibah dövrü olub. Həm mədəni tədbirlərin, həm də futbol oyunlarının
keçirilməsi üçün İmarəti təmir etmək qərara alınıb. 1965-ci ildə əraziyə qoruq
statusu verilib”.
80-ci illərin bərpasından sonra İmarətdə “Natəvan qızlar bayramı” və “Qarabağ”
futbol klubunun oyunları keçirilib.
Tədqiqat işləri davam edir
Ölkə başçısının tapşırığına uyğun olaraq 2023-24-cü illərdə Ağdam İmarət
Kompleksində yerli və xarici mütəxəssislərin iştirakı ilə bərpa və arxeoloji
tədqiqat işlərinə başlanılıb. “Hazırda kompleksin ərazisindəki 6 min
kvadratmetrlik sahədə yerləşən tarixi qəbiristanlıqda arxeoloji tədqiqat işləri
ikinci mərhələdə davam etdirilir. Aparılan araşdırmalar nəticəsində yeni tarixi
faktlar üzə çıxarılıb”- deyə Ağdam, Füzuli və Xocavənd üzrə Prezidentin xüsusi
nümayəndəliyinin əməkdaşı Faiq Hacıyev məlumat verir: “Ağdam İmarət Kompleksi
artıq ziyarətçilər üçün açıqdır…”
İmarət Kompleksinə gələn qonaqlar burada yaradılmış park, ziyarətçi mərkəzi,
muzey və kafenin xidmətlərindən istifadə edə bilərlər. İnteraktiv muzey
kompleksində müxtəlif zamanlarda Cavanşirlər sülaləsinə həsr olunmuş
məlumatlar, Qarabağ xanlığı haqqında tarixi faktlar, Xurşidbanu Natəvanın əl
işlərinə və poemalarına həsr olunmuş audiovizual təqdimat, İmarət Kompleksinin
işğal dövründə və işğaldan azad olunduqdan sonrakı vəziyyətini əks etdirən
fotomateriallar nümayiş olunur.