Azərbaycanlı sabiq futbol hakimi, “İnter” və “Simurq” klublarının keçmiş rəsmisi, marketoloq Zöhrab Əliyevin əl işləri Türkiyənin məşhur klublarından birinin diqqətini cəlb edib.
ÇıxışYolu.Com-da bu barədə xəbər getdikdən və səbəbkarın futbola aid maketlərinin sosial şəbəkələrdə paylaşılmasından sonra Türkiyənin “Qalatasaray” klubu Əliyevə rəsmi məktubla müraciət edib.
“Qalatasaray” nümayəndəsi Sibel Yurdagün tərəfindən göndərilən məktubda klubun onun hazırladığı stadion maketlərinə maraq göstərdiyi bəlli olub və ondan bir nüsxə kluba göndərilməsi xahiş edilib.
Zöhrab Əliyev saytımıza açıqlamasında bildirib ki, Türkiyədən olan müştərilərinə “Qalatasaray”ın “TT Arena”sı 300 lirəyə (150 manat) satılıb. “Qalatasaray”a göndərilən maketdən isə qarşı tərəf razı qalıb və ilkin olaraq 1500 maketin göndərilməsi xahiş edilib. Bu maketlər klubun muzeyində yer alacaq və qalanları “GS Store”da satışa çıxarılacaq.
Qeyd edək ki, Zöhrab Əliyevin bir ay ərzində İstanbula gedəcəyi və “Qalatasaray” klubu ilə yaxın vaxtlarda əməkdaşlıq müqaviləsi imzalayacağı gözlənilir.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com