Qalmaqallı tarzən: “Məndən əvvəl Aygün Bəylərin bacısı etiraz etdi, bu, qurma
işdir” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanda nə qədər tarzən var – çoxu mənim tələbəmdir. Mən sənətimizi bir
çox dünya ölkələrində təmsil etmişəm. Aygün Bəylər, Səkinə İsmayılova,
Xeyransa, Ağaxan Abdullayev və s. sənətkarları müşayiət etmişəm. Mənim bu
işlərimdən danışsınlar. 80 yaşım var. 80 yaşında bir tarzən göstərin ki, ifa
edə bilir. Sosial şəbəkələrdə haqqımda, ünvanıma tənqidlər yazırlar. Yaxşı, bəs
mən nə edim?”
Bunu Moderator.az-a açıqlamasında tanınmış tarzən Elxan Müzəffərov deyib.
Əməkdar artist Aygün Bəylərin dəfnində İctimai TV-nin müxbirinin sualına etiraz
edən sənətkar məsələnin, əslində, necə olduğunu izah edib.
“Evlərindən zəng etdilər ki, “Elxan müəllim, bir ağsaqqal kimi gəlin
qapımıza”. Aygünün xətrinə, onu çox istədiyimə görə durub getdim. O soyuqda,
üşüyə-üşüyə gedib dayanmışam. Evlərində də millət doludur, yer yoxdur. Bir də
gördüm ki, çəkiliş heyəti gəldi. Təxminən 10-a yaxın kamera bizi çəkirdi.
Məndən əvvəl Aygünün kiçik bacısı onlara etiraz etdi. Dedi ki, “gəlmisiniz, sağ
olun, amma hərəkətlərinizə fikir verin”.
Evdə ağlaşma gedir, bunlar öz haylarındadırlar. Mən də çəkilib kənarda
dayanmışdım. Heç vaxt özümü göstərməmişəm, ortalıqda olmamışam. Aygünün bacısı
ikinci dəfə etiraz etdi, dedi ki, “yığışdırın kameraları, camaat orada ağlayır,
siz burada bazar açmısınız, bura konsert deyil”.
Başa düşürəm, jurnalist öz vəzifə borcunu yerinə yetirməlidir. Amma onlara
öncədən xəbərdarlıq olunmuşdu axı. Heç olmasa, bu vəziyyətdə ev yiyəsini,
yaxınlarını başa düşmək lazımdır. İnsan həssas olur. Bir də gördüm ki, qız mənə
yaxınlaşdı. Mənə sual verdi ki, “siz Aygünün qohumusunuz?” Dedim ki, nə fərqi
var, qohumam, kəndçisiyəm, nə lazımdır?! Mən də bacısını misal gətirib dedim
ki, “bayaq sizə dedilər ki, yığışdırın kameraları”.
Əvvəla, lazım olsa, özüm xahiş edərəm ki, gəlin məndən müsahibə alın. Mən,
onsuz da, axşama qədər orada idim, bir müddət keçəndən sonra da mənə yaxınlaşa
bilərdilər. Necə ki, sizin sayt məndən həmin hadisədən bir gün öncə müsahibə
almışdı, mən də sevərək bütün xatirələrimi bölüşmüşdüm. Sadəcə olaraq, o anda
müsahibənin yeri deyildi. Həm də axı onun ailəsi etiraz edir. Belə başa düşürəm
ki, bu, qurma işdir. Bilmirəm ki, kim ona deyib ki, gəlib mənə yaxınlaşsın?!
Bir həftə öncə İctimai TV-də “Ustad dərsi” verilişində çıxış etmişəm. O kanala
da, aparıcılarına da hörmətim var, hər zaman mədəniyyətimizi təmsil edir.
Sadəcə olaraq, həssas dönəmlərdə insana yaxınlaşanda yüz ölçüb, bir biçmək
lazımdır. O anda insan əsəbi olur, bilmir dərdinə ağlasın, yoxsa suallara cavab
versin”, – sənətkar deyib.
Qeyd edək ki, tarzən Elxan Müzəffərov mərhum müğənni Aygün Bəylərin atası
evinə gətirildiyi gün İctimai TV-nin müxbirinin suallarına kobud cavab verib,
müxbirin onun üstünə öyrədilərək göndərildiyini iddia edib.