34480e46-bd20-406a-9edb-65bd9007169c..jpg

“Qanlı göl”də əcnəbini alçaldaraq videoya çəkən dəstə üzvlərinə hökm oxunub

Baxış sayı: 610 dəfə baxılıb.

“Qanlı göl”də əcnəbini alçaldaraq videoya çəkən dəstə üzvlərinə hökm oxunub

Quldurluqda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi
başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun
sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ağababa Musayev, Aqşin Məmmədov, Nihat Rəhimli və Elnur Vəliyev
11 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Bundan başqa, hökmlə Sadiq Ovçiyev və Sübhan Xanlarova şərti cəza verilib.
Sübhan Xanlarov məhkəmə zalından azadlığa buraxılıb. Sadiq Ovçiyev barəsində
istintaq və məhkəmə dövründə polis nəzarəti qətimkan tədbiri seçilmişdi.

İttihama görə, ötən il noyabrın 26-da Bakıda ali təhsil alan xarici ölkələrdən
birinin vətəndaşı polisə müraciət edərək bildirib ki, sosial şəbəkələrdə tanış
olduğu bir nəfər onu Yasamal rayonunda yerləşən “Qanlı göl” adlanan əraziyə
çağırıb. Orada olan yarımtikilidə tanımadığı dörd nəfər ona qarşı fiziki zor
tətbiq etməklə bir ədəd, dəyəri 1 500 manat olan mobil telefonunu və 100 manat
pulunu ələ keçirib. Həmin şəxslər daha sonra zərərçəkənin şəxsiyyətini alçaldan
hərəkətlər edərək onu mobil telefon vasitəsi ilə lentə alıb polisə bu barədə
şikayət edəcəyi təqdirdə həmin görüntüləri sosial şəbəkələrdə yayacaqları ilə
hədələyiblər.

Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz
əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən dəstənin rəhbəri
Sadiq Ovçiyev, Ağababa Musayev, Elnur Vəliyev, Nihat Rəhimli, Sübhan Xanlarov
və Aqşin Məmmədov saxlanılaraq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər eyni üsulla, yəni sosial
şəbəkələrdə tanış olub görüşmək adı altında müxtəlif vaxtlarda daha 12 nəfəri
“Qanlı göl” adlanan əraziyə çağırıb onlara qarşı da quldurluq ediblər. Dəstə
üzvləri həmin zərərçəkənlərin də şəxsiyyətlərini alçaldan hərəkətlər edərək
mobil telefon vasitəsi ilə çəkiblər. Onların mobil telefonlarına baxış zamanı
müxtəlif şəxslərə qarşı etdikləri hərəkətlər və hədə-qorxu videoları aşkar
edilərək götürülüb.

Qeyd olunan faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində
Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə
üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Source link